İlahiyyatçı Hacı Şahin Həsənli dəfn edilən gündən onun qəbrini ziyarət edənlərin ardı-arası kəsilmir. Xüsusilə də gecə saatlarında qəbiristanlıqda xeyli ziyarətçi olur, mərsiyələr oxunur. Artıq bu məsələ sosial şəbəkələrdə də müzakirə olunur.
Bəs bir möminin, ümumiyyətlə, müsəlmanın qəbrinin gecə saatlarında ziyarət edilməsinə dində münasibət necədir? Məzarın gecə saatlarında ziyarət edilməsi, orada mərsiyə oxunması islamda bəyənilməyən əməl sayılır?
BUTA.TV xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov qəbiristanlıqda kiminsə oyanması üçün səslənməyin yanlış olduğunu bildirib.
Onun sözlərinə görə, insanların qəbirləri ziyarət edən zaman üsyan etmələri yanlış addımdır:
“İslam dininə görə insan dünyasını dəyişdikdən sonra mütləq yuyulur, kəfənlənir və dəfn edilir. Sonra isə həmin şəxsin günahlarının bağışlanması üçün dua edirik. Bununla da məsələ bitir. Daha sonra insanlar dünyasını dəyişən şəxsin yaxınlarına başsağlığı verirlər. İslam dininə görə isə başsağlığının müddəti 3 gündür. Yəni yas mərasimi 3 gün olur. Dinimizdə qayda budur.
Amma dünyasını dəyişən bir insanın məzarı başında günlərlə “oyan” demək, mərsiyə oxumaq, mahnı ifa etmək xurafatdan başqa bir şey deyil. Ümumiyyətlə, bu şeylərin islam dini ilə heç bir əlaqəsi yoxdur. Bu kimi şeylər Quranda belə yazılmayıb. Nə Hz.Peyğəmbərimiz, nə də onun Əhli-Beyti belə edib. Dediyim kimi, belə şeylərin islamla əlaqəsi yoxdur”.
İlahiyyatçı gecə saatlarında qəbirlərin ziyarətinin icazəli olduğunu bildirib:
“Gecə vaxtı qəbri ziyarət etməyin heç bir qadağası yoxdur. İstənilən vaxtda gedib ziyarət etmək olar. Lakin ziyarətin də öz şərtləri var. Gecə gedib orada səhərə qədər dini mahnılar oxumaq, meyxana demək olmaz. Sakit şəkildə gedib dua edib, qayıtmaq lazımdır”.
İlahiyyatçı, ictimai xadim Hacı Təyyar Hüseynli Hacı Şahinin qəbri üstə baş verənləri bu cür dəyərləndirib:
“Burada insanlar hansısa formada sevgisini bildirir. Çünki onların bacardıqları, ifadə tərzləri məhz budur. Ona görə də, belə addım atırlar. Həmin insanlara nəyisə anidən qadağa etmək olmaz. Bunun üçün müəyyən bir vaxt keçməlidir ki, həqiqi alimlər bu cür kütləyə nəyisə izah edə bilsinlər. Bunun qarşısını almaq mümkün deyil.
Hacı Şahinin cavan yaşda dünyadan köçməsi hər kəsi məyus etdi. Onun məzarı üstünə gələn insanların mərsiyə deməsi, mahnı oxuması ilə bağlı xüsusi senzura yoxdur. Bunu dəyişmək üçün zaman lazımdır. Bu gün oradakı insanlara niyə belə etdiklərinin səbəbini soruşsaq, bəlkə də, həmin an adama hücum çəkərlər. Yenə də deyirəm – islam dinində bu kimi şeylər yoxdur. Amma cəmiyyət tərəfindən dəyər verilən insanlara bu tərzdə sevgi göstərirlər. Sadəcə, insanlara islam dininin hansı tərzdə olması haqda doğru məlumat çatdırmaq lazımdır”.
H.Təyyar bəzi şəxslərin qəbiristanlıqları ziyarət etməməsinin tərəfdarı olduğunu bildirib:
“Bizim cəmiyyətdə qəbiristanlıq adı gələndə çox adam çəkinir. Amma ora gecə də, gündüz də getmək olar. Mən azyaşlı uşaqların, xroniki xəstəliyi olan şəxslərin, hamilələrin qəbiristanlıqlara aparılmasının tərəfdarı deyiləm. Hətta lazım olmadığı təqdirdə onların qəbirləri ziyarət etməsini də məsləhət görmürəm. Dinimiz insanlara ziyan verən nə varsa qadağa edir.
Qəbiristanlığa getməyin də öz tərzi, ifrat və təfriti var. Ümumiyyətlə, insan gərək dini aşmasın. “Qurani-kərim”də hər işin bir həddi olduğu bildirilir. Həddi aşdıqda hər şey fərqli istiqamətə yönəlir. Kədərlənməyin də, sevinməyin də bir limiti var. Onu aşmaq və ya süni şəkildə qabartmaq olmaz. Bütün məsələlərdə normativləri qorumaq lazımdır. Allahın da dediyi məntiq budur”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi