Qarabağda qanunsuz yerləşən rusiyalı oliqarx Ruben Vardanyan “vəzifəsindən” azad edilsə də, qısa zamanda aktiv “ictimai” fəaliyyətə başlayıb. O, Qarabağ erməniləri üçün bir neçə istiqamətdə yeni layihələr elan edib, Xankəndidə “Bizim dağlar” mərkəzini açıb.
BUTA.TV xəbər verir ki, mərkəz “müzakirə”, “debat” və “dövlət proqramlarının” təqdimatı üçün nəzərdə tutulub.
Separatçılar mərkəzin tamamilə yeni kommunikasiya imkanları yaradacağını gözləyirlər. Burada Qarabağ ermənilərinin (Xankəndidəki separatçı rejim üzvləri) “təhlükəsizliyi”, “dövlət idarəçiliyində” “vətəndaş” iştirakı, diaspordakı ermənilərlə əlaqələr, “təhsil”, “sosial bərabərlik” və s. kimi mövzular istiqamətində işlər aparılacaq.
Debat iki istiqamətdə - ekspert-strateji və praktiki, konkret proqramlar, onların icrasının gedişi və nəticələrlə təqdim olunacaq. Tez-tez Qarabağ ermənilərini təxribata çağıran Rubenin “müzakirə” mərkəzində hansı fikirlərin səslənəcəyini təxmin etmək çətin deyil. Xüsusilə də diqqət çəkən məqam mərkəzin diaspordakı ermənilərlə əlaqə yaratmaq məqsədidir. Erməni mediası müharibədən sonra diaspor ilə Ermənistanın və Qarabağ ermənilərinin əlaqələrinin zəiflədiyini dəfələrlə vurğulayıb. Vardanyan bu münasibətləri bərpa edib, separatçılığa yeni vəsaitlərin cəlb edilməsini və erməni təbliğat maşınının fəaliyyətini gücləndirməyə çalışır.
Bir sözlə, Vardanyan vəsaitindən, eləcə də əlaqələrindən maksimum istifadə edib, separatçılığı gücləndirməyə və bununla da eskalasiyaya şərait yaratmağa davam edir. O, bu barədə bir neçə gün öncə çıxış etmişdi: “Məqsədim dəyişməz olaraq qalır: “təhlükəsiz”, “azad” erməni Qarabağına (Xankəndidəki separatçı rejimə - red.) sahib olmaq. Bunun üçün “mübarizəmizi” davam etdirməliyəm”.
Təbii ki, onun “vəzifədən” atılması ilə Qarabağdan uzaqlaşacağı gözlənilmirdi. Hətta daha da aktivləşəcəyinə dair ehtimallar yüksək idi. Rubenin aktiv fəaliyyəti İrəvan hakimiyyətinin tərəfdarlarının da fikirlərini doğrulda bilər, yəni onun erməni xalqı yanında kifayət qədər nüfuz qazanıb Paşinyanı əvəzləmək iddialarını. Vardanyanın fəaliyyəti tək İrəvanı yox, separatçıbaşı Araik Arutyunyanı da narahat edir. Araikin göstərişi ilə separatçıların yeni “dövlət naziri” Qurgen Nersisyan Vardanyanın təyin etdiyi “kadrlar”dan qurtulmağa başlayıb. Əvvəlcə “üç nazirin” dəyişdirilməsi planlaşdırılır: “sosial inkişaf və miqrasiya naziri” Armen Manqasaryan, “səhiyyə naziri” Samvel Avetisyan, “kənd təsərrüfatı naziri” Hrant Səfəryan. Görünür ki, “kadr” itkiləri bununla məhdudlaşmayacaq. Nersisyan Rubenin bütün tərəfdarlarından qurtulmağa çalışacaq.
Rubenin aktivliyi və Araikin ona qarşı mübarizəsi fonunda yaxın günlərdə separatçılar arasında ciddi münaqişənin şahidi ola bilərik.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi