Niyə Müctəba Xamenei rəhbər seçildi? – SEPAH-ın planı

08:57 - 12 Mart 2026 - SİYASƏT

 Niyə Müctəba Xamenei rəhbər seçildi? – SEPAH-ın planı

İranda Müctəba Xameneinin İranın yeni rəhbəri seçilməsi özü ilə bir sıra şübhəli məqamların ortaya çıxmasına səbəb oldu. Bir tərəfdən Xubrəqan Məclisinin (Ekspertlər Şurası) toplanmadan bir nəfərin lehinə səs verib onu rəhbər seçməsi, digər tərəfdən seçilən rəhbərin günlərdir ortalıqda olmaması bir çox şayiələr və şübhələrə yol açır.

M.Xameneinin seçimi doğrudurmu? İranın mövcud qanunlarına görə, Müctəba Xamenei ali rəhbər ola bilərdimi?

Bu suallara o sahənin mütəxəssisləri - hüquqşünas, fiqh və ictihad sahəsində biliyi olanlar doğru cavab verə bilər.

Biz isə Xubrəqan Məclisinin bu qərarı haqda öz düşüncələrimizi bölüşək:

Bu xəbər hal-hazırda çox oxunur
Azər Qasımlıya hökm oxundu

Əli Xamenei 40 ilə yaxın ali rəhbər vəzifəsində olub. O, bu vəzifəyə seçiləndə heç ayətullah rütbəsinə sahib deyildi. Bir gecə içində həm rəhbər seçildi, həm də ayətullah rütbəsi aldı. Bütün din xadimləri o dövrün reallıqlarını nəzərə alaraq Əli Xameneini İranın rəhbəri və “qeybət” dönəmində “qayib İmamın” nümayəndəsi olaraq “Vilayət-i Fəqih” postuna qəbul etdilər. Ona biət edib, mütləq hakimiyyəti ilə razılaşdılar.

O dövrdə Rəfsəncaninin (İranda nüfuzuna görə ikinci adam idi) səylərini və müharibədən yenicə çıxan zəif bir ölkənin durumunu nəzərə alan din xadimləri və siyasi şəxsiyyətlər Xameneinin müvəqqəti olaraq rəhbər seçilməsinə razılıq verdi. Lakin Xamenei az bir zamanda hakimiyyətdaxili ixtilaflardan istifadə edərək SEPAH-ın liderlərini öz tərəfinə çəkdi və məqamını möhkəmləndirməyi bacardı. Rəfsəncaninin prezidentliyindən sonrakı dönəmlərdə də bütün qruplar arasında birləşdirici amilə çevrildi.

Lakin getdikcə gücü artdı, mühafizəkar qrupun mənafeinin təminatçısı olaraq xalqın istək və düşüncələrinə əks siyasi xətt yürütməyə, Qərblə münasibətlərin gərginləşməsinə, İsrail və ABŞ-la ziddiyyətlərin dərinləşməsinə, proksi qüvvələr yaradaraq Yaxın Şərqdə öz imperiyasını qurmağa və digər qonşu ölkələrə problemlər yaratmağa başladı. Bununla da güya İranı xarici düşmənlərdən qorumağa və onu hərbiləşdirilmiş bir dövlətə çevirməyə başladı.

O, daxili narazılıqları sərt metodlarla yatırırdı və müxaliflərə qarşı qəddarlıq nümayiş etdirirdi. Bu siyasət İran daxilində sərt xətt tərəfdarları tərəfindən dəstəklənir və alqışlanırdı.

Əli Xameneinin bu siyasi kursunu yeritməkdə SEPAH və onun komandirlərinin ciddi rolu və payı olub. SEPAH komandirləri ilə Xameneinin əlaqəsi isə daim oğlu Müctəba Xamenei vasitəsilə olub. Bu səbəbdən Müctəba SEPAH liderləri arasında böyük hörmət və nüfuza malikdir. Hətta Müctəbanın SEPAH-da nüfuzu o qədər güclənmişdi ki, onu İranda istənilən vaxt istənilən hökuməti seçmək və ya istədiyi şəxsi hər hansı vəzifəyə təyin etmək gücünə malik şəxs sayırdılar.

Xameneinin ölümündən sonra indiki vəziyyətdə SEPAH-ı ram edəcək yeganə şəxsiyyət ancaq və ancaq Müctəba Xamenei ola bilər. Ondan başqa nə prezident, nə islahatçı liderlər, nə də təsadüfi mühafizəkar qrupların üzvlərinin heç biri SEPAH-a təsir imkanlarına malik deyil. SEPAH-ın hazırkı fəaliyyətləri və hərbi əməliyyatları Xameneinin sağlığında əvvəlcədən verilmiş tapşırıqların sonadək yerinə yetirilməsindən ibarətdir. Hətta ərəb ölkələrinə hücum və Hörmüz boğazının bağlanması da əvvəlcədən müəyyən olunub və proqram əsasında SEPAH tərəfindən həyata keçirilir. Bu qurum hazırda heç kimdən göstəriş almadan 3-cü - 4-cü rütbəli zabitlər tərəfindən öncədən hazırlanan təlimatları icra edir.

Bu baxımdan SEPAH-ın daha aqressiv cəhdlərini və çıxılmaz vəziyyətə gətirəcək hərəkətlərini önləmək üçün Müctəba Xameneinin seçilməsi lazım və vacib amil idi. Bu, kağız üstündə və ya formal olsa belə, ciddi faktordur. Müctəba Xameneinin (hətta deyildiyi kimi, komada olsa belə) varlığı SEPAH-a ümidverici amildir.

Digər tərəfdən, bu seçimlərdə Müctəba Xameneidən başqa hər hansı bir namizədin seçilməısi SEPAH tərəfindən qəbul edilməyəcəyi kimi, digər siyasi qrup və cərəyanlar tərəfindən də birmənalı qarşılanmayacaqdı. İslahatçıları mühafizəkarlar qəbul etməzdi, mühafizəkarları da islahatçılar. Bu isə belə bir gərgin dönəmdə siyasi ixtilafların daha da dərinləşməsinə səbəb olacaqdı.

Bu səbəbdən bütün siyasi cərəyanlar gündəmdə olmayan, SEPAH tərəfindən qəbul olunan, heç bir qrupun mənafeinə xələl gətirə bilməyən və Xamenei soyadını daşıyan bir liderin seçilməsini məqbul hesab etdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol