Evlilikdə yaş fərqi çox danışılan, lakin asanlıqla həll olunmayan bir məsələdir. Bəzi münasibətlərdə yaş fərqi problem olsa da, sağlam bir əlaqə qurmaq da mümkündür. Kişinin qadından böyük olması cəmiyyətimizdə qəbul olunmuş norma olsa belə, qadının kişidən böyük olduğu evliliklərə də tez-tez rastlaşırıq. Sosial normanın bu istiqamətdə formalaşmasına səbəb olan bir çox amillər var.
Psixoloq İlhamə Mustafayeva mövzu haqda fikirlərini “Yeni Sabah”la bölüşüb. Bildirib ki, cütlüklər arasında yaş fərqinin çox olmasının dərin psixoloji səbəbləri var:
“Öz gəncliyini normal şəkildə yaşaya bilməyən, psixo-emosional tələbatları ödənməyən insanlar arasında sözügedən duruma daha çox rast gəlinir
Öz gəncliyini və ya uşaqlığını normal keçirməyən, o hisləri uzun müddət basdırmış insanlar özündən böyük yaş fərqiylə seçilən münasibətlərə meylli ola bilirlər. Basdırılmış və qadağan olunmuş ehtiras gizləndiyi yerdən çıxır və partlayışa səbəb səbəb olur. Öz fiziki və mənəvi-psixoloji tələbatlarını ödəmək üçün gənc partnyorlara üz tuturlar. Sosial səbəblərdən dolayı da daha çox kişilər gənc qızlara meylli olurlar. Cəmiyyətdə, dostlarının yanında öz kişiliklərini və dırnaq arası hörmətli olduqlarını göstərmək üçün özlərindən çox gənc xanımlarla münasibət qurur və ya evlənirlər. Yanında gənc qız gəzdirən kişi belə bir mesaj ötürür: mən hələ də gəncəm, kişiliyim yerindədi və “yaxşı oğlanam”, “zor “ oğlanam. Lakin çox zaman bu maskaraddan başqa bir şey olmur. Çünki onun gənc xanımın cinsəl tələbatlarını ödəyəcək potensialı olmur. Maddiyyatının və ya sosial gücünün sayəsində o gənc xanımı yanında saxlayır, mənəvi-psixoloji boşluqlarını və qorxularını bununla basdırmış və doldurmuş olur.
Digər səbəb ekszestional səbəbdir: yaşlanma, qocalma və ölüm qorxusu. Bu qorxu o qədər üstün gəlir ki, o, gənc partnyora sığınır, onunla gəncləşmək, cavan qalmaq istəyir. Bu, ona motivasiya verir ki, öz fiziki görünüşü ilə məşğul olsun, özünə fikir versin. Bu bir motivasiya yanacağı olur onun üçün. Çünki özü yaşda bir xala və ya nənə ona bu motivasiyanı verə bilməyəcək. O, özünün daxili qorxuları ilə üzləşmək yerinə bu qorxuları basdırır və özünü aldadır. “Mən qocalmamışam, bu da sübutum, yanımdakı gənc xanıma baxın, görün” deyə cavan olduğu mesajını ötürür. Həmin gənc xanımların da atası və ya babası yaşda bəylərlə münasibət qurması mənəvi-psixoloji və maddiyyat aclığından, hərisliyindən, mənəvi boşluğundan irəli gəlir. Analıq və ya atalıq görməyən, psixo-emosional tələbatları ödənməyən insanlar özlərindən çox yaşlı partnyorlar ilə münasibət qura bilərlər. Həm də infantil, məsuliyyət ala bilməyən, özünə əziyyət vermək istəməyən, hazıra nazir olmaq istəyən, halva həyat yaşamağı arzulayan insanlar bunu edirlər”.
Psixoloq gənc xanımlarla yanaşı, gənc bəylərin də belə seçimlərindən söz açıb:
“Onlar bir kişi olaraq öz kişilik xüsusiyyətlərini bununla zəiflədir və sadəcə olaraq cinsi aparat funksiyasını yerinə yetirirlər. Hələ bununla fəxr edənlər də var, bəziləri “xanım mənə hər şey edir, mən isə həm hər şey əldə edirəm, həm də cinsi təlabatlarımı ödəyirəm” deyir. Bu zaman kişi öz ruzisindən məhrum olur və qadından asılı qalır. Təbiət kişini ovçu yaradıb. O, ovlamasa, qazanmasa, ailəsinə baxmasa onun kişi xüsusiyyətləri cılızlaşır, cinsi aparat rolundan başqa heç nəyi olmur. Bu cür münasibətlərin heç biri sağlam və uzunmüddətli olmur, bir yerdə qırılır, İnsan bunu çox gec anlayır. Anladığında artıq bir çox şeyləri itirmiş olur.
Özü ilə bərabər yaşlanmış xanımını artıq bəyənməyən və yaranmış problemləri həll etmək, münasibətə rəng qatmaq yerinə məsuliyyətdən qaçmaq və kənarda daha gənc partnyor ilə münasibət qurmaq daha cəlbedici görünür. Lakin belə münasibətlərin çox zaman sonu olmur, çünki məişət olmayan istənilən münasibət rahat münasibətdir. İnsan isə məişət olmadan yaşaya bilməz. Buna görə də məişəti bir yerdə olduğun partnyor ilə həyata rəng qatıb onu gözəlləşdirmək lazımdır. Çünki həvəs, maraq, maddiyyat və s. bitdikdən sonra heç kimə lazım olmayacaqsan. Öz xanımının səni yenidən qəbul etməsi də sual altındadır. Qəbul etsə belə nə dərəcədə xoşbəxt etməsi müzakirəli məsələdir”.
İ.Mustafayeva vurğulayıb ki, bu gün müəyyən dərəcədə yaş həddinin olması cəmiyyətdə normal hesab edilir:
“Əgər əvvəllər xanım bəydən bir il belə böyük olsaydı, bu, çox şişirdilərdi, xanım psixoloji təzyiqə məruz qalardı və s. Bu gün həmin hallara normal baxılır. Hətta tibbi və psixoloji baxımdan xanımın bəydən 5 yaş böyük olması arzuedilən hal sayılır.
O ki qaldı istisnalara, onlarr hər zaman var. İnsanın yaşı təkcə xronoloji olmur, onun fizioloji və psixoloji yaşı ada var.
Bəzən olur ki,insanın özündən böyük yaş fərqilə partnyorunun olması fizioloji yaşı ilə əlaqədar olur, özü yaşda olan insan onun tələbatlarını ödəyə bilmir, onu qane etmir və ya sevmir və s.
Əsas olan budur ki,münasibətlər mənəvi və psixoloji tərəfdən sağlam olsun, yalnız bu zaman insan xoşbəxt ola bilər.
Hansısa maraqlar əsasında və ya hansısa psixoloji problemlərdən dolayı yaranan münasibətlər insanı yalnız mənəviyyatsızlaşdıra və ya günahkar və peşman hiss edə bilər”.
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...