Azərbaycanda ali təhsil almayan gənclərin əsgərlik müddəti 1 il 6 ay, ali təhsillilərinki isə 1 ildir. Ancaq magistr təhsili alan oğlanların əsgərlik müddətinində heç bir fərq yoxdur, yəni onlar da 1 il əsgəri xidmət keçirlər.
Bəziləri bunu ədalətsiz hesab edir. BUTA.TV xəbər verir ki, son günlər bununla bağlı müzakirələr yenidən intensivləşib. Bəzi sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, magistr təhsili alan oğlanlar 1 il deyil, 6 ay əsgərlik çəkməlidirlər. Yaxın gələcəkdə magistrlərin əsgərlik müddətinin azaldılması mümkündürmü?
Təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a bildirib ki, magistratura dərəcəsi alan şəxslərin əsgərlik müddətinin azaldılması məsələsi cəmiyyət və təhsil sahəsində bir sıra müsbət və mənfi dəyişikliklərə səbəb ola bilər.
O, mövzu ilə bağlı bir neçə əsas məqamı qeyd edib:
“Müsbət Təsirlər və Dəyişikliklər
1. Təhsilə marağın artması: Əgər magistratura dərəcəsi alan şəxslər üçün əsgərlik müddəti azaldılarsa, daha çox gənc magistratura təhsilinə maraq göstərə bilər. Bu da ali təhsilin ikinci mərhələsinə (magistratura) tələbənin cəlb olunmasını artıra bilər. Nəticədə, ölkədə daha çox ixtisaslaşmış kadr yetişdirilər və təhsilin keyfiyyəti yüksələ bilər.
2. Yüksək ixtisaslı kadrların artması: Magistratura təhsili alan şəxslərin iş bazarında daha yaxşı mövqeyə sahib olması nəzərə alınaraq, onların əsgərlik müddətinin azaldılması, bu şəxslərin daha tez iş bazarına daxil olmasına və təhsil sahəsində məhsuldarlığın artırılmasına kömək edə bilər. Bu, yüksək ixtisaslı kadrların sayını artıraraq ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.
3. Elmi və tədqiqat işlərinin təkmilləşməsi: Elmi tədqiqat sahəsində magistr təhsilini seçənlərin sayı arta bilər. Təhsil müddətinin sonunda hərbi xidmətdən yayınmaq istəyən gənclər magistr təhsili ala bilərlər ki, bu da təhsil və elmi tədqiqatların inkişafına təkan verə bilər. Elmi işlərin sayında artım, elmi inkişaf və innovasiyaların təşviqinə müsbət təsir edə bilər”.
Qərarın qəbul ediləcəyi təqdirdə yarana biləcək problemlər və mənfi təsirlərdən də danışan ekspert baş verəcək potensial problemləri 4 qrupa bölüb:
“1. Əsgərlikdən yayınma məsələsi: Əgər magistratura təhsilinə qəbul olunduqda əsgərlik müddəti azaldılarsa, bəzi şəxslər bu fürsətdən yalnız əsgərlikdən yayınmaq üçün istifadə edə bilər. Bu, təhsil sistemində süni bir artıma, yəni tələbələrin sayının təhsilin keyfiyyətinə nisbətdə qeyri-mütənasibliyə səbəb ola bilər. Nəticədə, universitetlərdə magistratura proqramlarının tədris keyfiyyəti aşağı düşə bilər.
2. Resursların istifadəsində gərginlik: Magistraturaya daxil olan tələbə sayının artması universitetlərin tədris resurslarına, professor-müəllim heyətinə, tədqiqat laboratoriyalarına və digər təhsil infrastrukturuna əlavə təzyiq göstərə bilər. Universitetlərin təhsil vermə imkanlarının və resurslarının məhdud olduğu nəzərə alınarsa, bu, təhsil müəssisələrinin daha aşağı keyfiyyətlə təhsil verməsinə səbəb ola bilər.
3. Hərbi xidmət tələblərinin balanssızlığı: Əgər magistr təhsili alanların əsgərlik müddəti azaldılarsa, bu, hərbi xidmətin icrası baxımından bərabərsizliyə səbəb ola bilər. Ali təhsil almayan və ya bakalavr təhsili alan şəxslərlə müqayisədə, magistr dərəcəsi olanların az müddətdə hərbi xidmət göstərməsi bəzi gənclər arasında narazılıq və ədalətsizlik hissi yarada bilər.
4. Təhsildə keyfiyyətin azalması: Əsgərlik müddətinin azaldılması məqsədilə magistraturaya qəbul olunan şəxslər təhsilin keyfiyyətinə və dərinliyinə diqqət yetirməyə bilər. Bu, magistratura dərəcəsinin elmi dəyərinin azalmasına və iş bazarında belə dərəcələrin prestijinin düşməsinə səbəb ola bilər”.
Kamran Əsədov vəziyyəti tənzimləmək üçün çıxış yolları da irəli sürüb. O qeyd edib ki, əgər seçici azaldılma sistemi, imtahan və müsahibə prosesinin gücləndirilməsi, habelə əsgərliklə təhsil proqrmı uyğunlaşarsa, yarana biləcək problemlərin qarşısını almaq mümkün olacaq.
“Seçici azaldılma sistemi: Əsgərlik müddətinin azaldılması yalnız müəyyən sahələr və proqramlar üzrə magistratura təhsili alanlara tətbiq edilə bilər. Məsələn, mühəndislik, elmi tədqiqatlar və təhsil sahəsində olan proqramlar üçün bu güzəştlər tətbiq edilə bilər.
İmtahan və müsahibə prosesinin gücləndirilməsi: Magistratura qəbul prosesində tələblərin sərtləşdirilməsi və tələbələrin əsl elmi maraqlarını yoxlayan imtahanlar və müsahibələrin keçirilməsi təhsilin keyfiyyətinin qorunmasına kömək edə bilər.
Əsgərliklə Təhsil Proqramlarının Uyğunlaşdırılması: Əsgərlikdən yayınmaq istəyənlər üçün təhsil sahəsində güzəştlər təqdim etmək əvəzinə, magistratura və hərbi xidmətin uyğunlaşdırılması yolları araşdırıla bilər. Məsələn, tələbələrin hərbi xidmət zamanı oxumağa və ya elmi-tədqiqat işlərini davam etdirməyə imkan yaradacaq proqramlar tərtib edilə bilər”.
“Beləliklə, düşünürəm ki,magistrlərin əsgərlik müddətinin azaldılması potensial olaraq təhsil sahəsində bir çox müsbət və mənfi dəyişikliklərə səbəb ola bilər. Əgər bu addım atılarsa, düzgün siyasət və qaydalarla bu prosesin təhsilə və hərbi xidmətə təsiri balanslaşdırılmalıdır. Təklif olunan tədbirlər bu məsələnin müxtəlif aspektlərini nəzərə almaqla, ədalətli və effektiv bir həll yolu təmin edə bilər”, - deyə o qeyd edib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda ölkədə müddətli hərbi xidmət keçən hərbi qulluqçuların müddət xidmətinin azaldılması müzakirə edilmir.
“Magisrt ilə bakalavr təhsili olanlara hərbi xidmət müddətində fərq qoyulması mümkündür. Amma ümumilikdə çağırışçılar üçün, nə xidmət müddətinin artırılması, nə də bu müddətin azaldılması müzakirə mövzusu deyil. Bizim ətrafımızda baş verən çoxsaylı münaqişələr fonunda Ermənistanın təxribatlardan əl çəkmədiyi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, Azərbaycan ictimaiyyətinin xidmət müddətinin azaldılması ilə bağlı etdiyi müzakirələr tamamilə yanlışdır”.
Hərbi ekspert onu da qeyd edib ki, bu cür addımlar gələcəkdə ətrafımızdakı münaqişələr başa çatdıqda atıla bilər:
“Ermənistanla sülh müqaviləsi imzalandıqdan, təhdidlər aradan qalxdıqdan, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra bu məsələləri müzakirə edə bilərik. Lakin indidən bu məsələləri müzakirə etmək kifayət qədər tezdir”
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı