Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL

08:56 - 10 Sentyabr 2024 - KRİMİNAL

 Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL

Birbaşa sənəd və mənbələri oxumayanda hadisəyə münasibət bildirmək çətin olur. Amma istər Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərminin ölümü ilə bağlı hadisədə, istərsə də Türkiyədəki azyaşlı Narinlə bağlı hadisədə oxşarlıq var. Təəssüf ki, Azərbaycanda istintaq qrupu Nərminlə bağlı hadisədə mümkün halları araşdırmadı. Türkiyədə isə peşəkarlıqla yanaşdılar, foksu Narinin yaxınlarına qarşı çevirdilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı Qan Turalı deyib.

“Lakin Nərminin yaxınları televiziyada şou göstərdilər və onlarla bağlı ehtimallar araşdırılmadı, istintaqı şüurlu şəkildə azdırmağa çalışdılar. Narin olayında da ailə ilk vaxtlarda istintaq orqanları ilə əməkdaşlıq etmirdi. Narinlə bağlı ekspertizanın ilkin nəticələri açıqlandı, məlum oldu ki, qızcığaz 15 gün suda qalıb, ayağında qırıq var, boğulma əlamətləri qeydə alınıb. Bu cür cinayətlər əksər hallarda yaxın çevrədəkilər tərəfindən törədilir. Cinayətin çəmbərini daraldanda ən azı ailənin xəbərdar olduğu bəlli idi. Variantlar da son nəticədə gətirib ona çıxardı ki, valideynləri dünən saxlanıldıqları üçün onun dəfn mərasimində iştirak edə bilmədilər. Hər bir halda son dərəcədə dəhşətli haldır”, - deyə qeyd edib.

Qan Turalının fikrincə, Türkiyədə hər hansı hadisə olanda gec aşkarlananda, hüquq-mühafizə orqanları ləng fəaliyyət göstərirsə, ya o məsələnin arxasında təriqətlər var, ya da siyasi məsələlər dayanır:

“Təəssüf ki, neqativ meyllər hələ də qalmaqdadır. Narinin anası da eynilə Nərminin anası kimi istintaqı azdırmağa çalışırdı, deyirdi oğurlayıblar. Nərminin anası da deyirdi sarı taksi ilə aparıblar. Polis araşdırması nəticəsində kamera görüntüləri ilə aydınlaşdı ki, nəinki sarı rəngdə, ümumiyyətlə hadisə yerindən taksi keçməyib. Görürsünüzmü, bu və ya digər məsələlər bir-birinə necə bənzəyir. Ailə istintaqı azdırmağa çalışır, amma gərək istintaq yolundan azmaya. Tam səmimi deyim ki, Türkiyədə də ictimaiyyət, mətbuat bu məsələnin üstündə durmasaydı, asanlıqla bunun üstündən keçərdilər”.

Onun sözlərinə görə, uşaqlar barədə bu qədər çağırışlar edilsə də, əfsuslar olsun ki, onlara qarşı törədilən bu cinayətlər dayanmır, əksinə artır:

"Ən pisi də odur ki, bu iyrənc hadisələr uşaqları birbaşa qorumaq konstitusion vəzifəsi olan valideynlər və ya yaxınlar tərəfindən törədilir. O qədər dəhşətli hadisədir ki, bir insanın xarakteri üzə çıxır, insan öz övladına qarşı bu qədər amansız davrana, digərləri də buna qarşı susqunluq nümayiş etdirə bilərmi?.. Dünən televiziyada baxdım, məsciddəki imam xütbə zamanı bildirib ki, həm cinayəti törətmək, həm də bilib gizlətmək böyük günahdır. Çox təəssüf ki, özlərini dindar hesab edən, 8 yaşlı uşağını Quran kursuna göndərən ailələr bu cür amansız şeylər edirlər. Quran bir insanı öldürməyi bütün bəşəriyyəti öldürməyə bərabər sayır. Onlar Qurandan da, o əxlaqdan da bir şey başa düşməyiblər".

Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti dünən Tavşantəpə kəndi ərazisində tapılıb, bu gün dəfn edilib.

Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol