17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) öz fəaliyyətinə 2002‑ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlamışdır və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur. BMT‑nin Məskunlaşma Proqramının (UN‑Habitat) İcraiyyə Şurasının Keniyada keçirilən 3‑cü sessiyasında Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) 2026‑cı ildə Bakı şəhərində keçiriləcəyinə dair qərar rəsmən elan edilmişdir.
BMT‑nin Məskunlaşma Proqramı (UN‑Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır.
Sözügedən mövzu ilə bağlı memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan BUTA.TV-a açıqlamasında bildirib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın artıq regional deyil, qlobal urbanizasiya gündəmində aktiv aktor kimi çıxış etdiyini göstərir:
“Bir memar olaraq bildirmək istəyirəm ki, bu forum Bakıya və Azərbaycana şəhərsalma siyasətinin transformasiyasında böyük fayda sərgiləyəcək. Master-planlaşdırma yanaşmalarının yenilənməsi, data-driven (məlumat əsaslı) şəhər idarəetməsi, ağıllı şəhər və möhkəm şəhər modellərinin tətbiqi kimi istiqamətlərdə Bakıya ciddi metodoloji töhfə verəcək. Forum Azərbaycanın post-münaqişə rekonstruksiya modelini qlobal səviyyədə təqdim etməsi üçün unikal platformadır.
Bu kontekstdə sıfırdan şəhər quruculuğu (greenfield urbanism), dayanıqlı və enerji effektiv şəhərlər, ağıllı kənd və şəhər konseptləri praktik olaraq beynəlxalq ekspertiza ilə zənginləşdirilə bilər”.
Memar paytaxt Bakıda keçiriləcək bu forumun Bakıya yalnız imic qazandıran tədbir deyil, həm də şəhərsalma paradiqmasının dəyişməsi üçün katalizator rolunu oynaya biləcəyini vurğulayıb:
“Forum əgər düzgün istifadə olunarsa, Bakı regional urban innovasiya mərkəzinə çevrilə bilər. Azərbaycan post-münaqişə urbanizasiya modeli ilə qlobal nümunə təqdim edə bilər və yerli şirkətlər qlobal bazara inteqrasiya imkanı əldə edə bilər. Bu forum yalnız müzakirə platforması deyil, həm də dayanıqlı, iqlimə davamlı və innovativ şəhər modellərinin ölkəmizdə tətbiqi üçün real imkanlar yaradır”.
Bloger-urbanist Anar Əliyev isə saytımıza açıqlamasında qeyd edib ki, bu tədbirlərin - həm COP, həm WUF əsas məqsədi müvafiq problemlərə, çağırışlara diqqət çəkməkdir:
“Müasir dövrdə şəhərsalma problemləri hansılardır? Bunlarla mübarizə metodları nədir? Bu cür konfransların məqsədi bu suallara cavab tapmaqdır. Əsas bu tədbirlərin paytaxtda keçirilməsi həmin paytaxtda olan müvafiq şəhərsalma problemlərini müzakirəyə çıxarmaqdır. Foruma 1 aydan çox vaxt qalsa da, yavaş-yavaş faydasını görmək olur. Bəzi şəhərlərdə keçirilən islahatlar, bəzi küçələrin piyadalaşması. Şəhərsalma - urbanistikanın əsas diqqəti daha çox insanın şəhər daxilində rahat piyada hərəkət etməsidir. Yaxşı olar ki, istər indi, istər forumdan sonra bu məsələyə xüsusi diqqət yetirilsin.
Təəssüf ki, Bakıda lazımlı səviyyədə piyada infrastrukturu yoxdur. Hər kəs bilir ki, Bakıda səkilərdə problem var və piyada gəzmək narahatdır. Bunun kökündən həlli kifayət qədər vaxt alır. Bu forumdan sonra belə bizim vaxtımız və imkanımız var ki, bu problemləri aradan qaldıraq. Urbanistikada prioritet piyadalara verilməlidir. Çünki şəhər piyadalar üçün rahat olanda həmin şəhərdə avtomobildən asılılıq azalır. Bu da öz növbəsində tıxacların azalmasında rol oynayır”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...