Polis Daşqın İbişova xəsarət yetirib? – Rəsmi

13:12 - 28 Avqust 2023 - GÜNDƏM

 Polis Daşqın İbişova xəsarət yetirib? – Rəsmi

Cəlilabad rayonu Gülməmmədli kənd sakini Daşqın İbişov 2021-ci ildə özünün, atası və qardaşlarının qanunsuz yerə həbs olunduğunu iddia edib.

BUTA.TV xəbər verir ki, o, bu haqda redaksiyamıza şikayətində danışıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev isə məsələ ilə bağlı verdiyi açıqlamada iddiaların əsassız və vətəndaşın şəxsi mülahizələri olduğunu, həmin cinayət işinin istintaqının və araşdırmanın qanunvericiliyə əsasən, istintaq materiallarına uyğun aparıldığını qeyd edib:

“Cəlilabad rayon sakini P.Paşayev və üç qohumu polisə müraciət edərək həmkəndliləri Daşqın, Saməddin, Alıxan, Elməddin və Məhəmməd İbişovlar tərəfindən döyülərək xəsarət aldıqlarını bildiriblər. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi istintaq olunaraq ittiham aktı təsdiq edilməklə aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Daşqın İbişovun qolundan xəsarət almasına gəldikdə isə həmin şəxs 03.06.2021-ci il tarixdə Cəlilabad Rayon Prokurorluğunun qarşısında səs-küy salaraq ictimai qaydanı pozub və polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb. Bununla bağlı olaraq həmin şəxs Cəlilabad RPŞ-yə dəvət edilib. Şöbənin inzibati binasında olarkən otaqlardan birinin pəncərə şüşəsini əli ilə qıraraq özünə xəsarət yetirməyə çalışıb və polis əməkdaşları tərəfindən xəstəxanaya çatırılaraq ona ilkin tibbi yardım göstərilib. Daşqın İbişov özü də izahatında bunu təsdiq edib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol