Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı ötən il də azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-nə iribuynuzlu heyvanların sayı 2 milyon 628.6 min, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 772.1 min baş təşkil edib.
Bir il əvvəllə müqayisədə iribuynuzlu heyvanlar 0.8 faiz (20.2 min), xırdabuynuzlu heyvanlar isə 1.6 faiz (127.6 min) azalıb. Azalma 2016-cı ildən davam edir.
Bununla paralel ət idxalı da artıb. Bu ilin yanvar-fevralında Azərbaycana 7 min 322 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 137 ton və ya 1.9 faiz çoxdur. Amma Kənd Təsərrüfatı Nazirliyindən Turana bildirilib ki, 2021-ci illə müqayisədə ötən il ölkədə diri çəkidə ət istehsalı 3, süd 1.9, yumurta istehsalı isə 9.8 faiz artıb: "Ötən il Azərbaycanda diri çəkidə 628 min ton ət, 2 milyon 264.7 min ton süd, 2 milyon 18.1 min ədəd yumurta istehsal olunub".
Ekspert Vahid Məhərrəmov son 7 ildə heyvanların baş sayında ciddi azalmaya diqqət çəkir: "Örüş sahələrinin və ot istehsalının azalması səbəbindən fermerlər, kəndlilər heyvanlarını məcburi kəsimə veriblər. 2016-cı ildən bəri ət istehsalında baş verən artımın əsas hissəsi məhz məcburi kəsimə verilən və ölkəyə, əsasən, kəsim üçün gətirilən heyvanların hesabına mümkün olub".
O AzadlıqRadiosuna xatırladır ki, Dünya Səhiyyə Təşkilatının (DST) müəyyən etdiyi qida normasına görə, il ərzində adambaşına 78 kiloqram ət və ət məhsulları tələb olunur: "Bu da Azərbaycan əhalisinin sayını nəzərə alanda il ərzində kəsilmiş şəkildə 789 min ton ət istehsalı deməkdir. Azərbaycanda 2021-ci ildə ət istehsalı 357.7 min ton göstərilib. Bunun da təxminən 10 min tonu ölkəyə idxal edilən diri heyvanların hesabına mümkün olub. Yəni 2021-ci ildə real olaraq ölkədə 342.5 min ton ət istehsal edilib ki, bu da adambaşına 33.8 kiloqram deməkdir".
Onun sözlərinə görə, ölkədə ət və ət məhsulları ilə özünü təminetmə 43.4 faiz təşkil edir. Məhərrəmli deyir ki, dünyada ət ucuzlaşdığı halda, Azərbaycanda bahalaşmaqda davam edir: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) mart ayında yaydığı hesabatda ətin qiymətinin ardıcıl 7 ay endiyini qeyd edib".
Ekspertin fikrincə, Azərbaycanda ət və ət məhsullarının bahalaşmasının çox ciddi səbəbləri var: "Ölkədə tələbatdan iki dəfə az ət istehsal edilir. Ət istehsalının az olmasının da ciddi səbəbləri var. Bunlardan biri də Azərbaycanda yem bazasının çox zəif olmasıdır. Hökumət hələ "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda yem bitkilərinin əkin sahələrini 500 min hektara, yüksək keyfiyyətli balanslaşdırılmış qarışıq yem istehsalını isə ildə 2 milyon tona çatdırmağı qarşıya məqsəd qoyub".
Onun vurğulamasına görə, yem bitkilərinin əkin sahəsi 2015-ci ildə 428.6 min hektara qədər artırılıb, lakin sonra əks proseslər gedib: "Sonrakı illərdə əkin sahələri 11.5 faiz azalaraq 2021-ci ildə 379.2 min hektara düşüb. Həmin Dövlət Proqraminda 2015-ci ilədək yüksək keyfiyyətli balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq planlaşdırılsa da, 2015-ci ildə cəmi 12.9 min ton, 2021-ci ildə isə 192.9 min ton qüvvəli yem istehsal edilib. Bu da hələ 15 il əvvəl nəzərdə tutulduğundan 10.3 dəfə azdır".
Bu ilin əvvəlindən Azərbaycanda mal və qoyun əti 25-30 faiz bahalaşıb.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video