Rəsmi Bakıdan Ermənistana növbəti xəbərdarlıq

17:42 - 25 Mart 2023 - GÜNDƏM

 Rəsmi Bakıdan Ermənistana növbəti xəbərdarlıq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?

Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.

Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir.

Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.

Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol