Aylardı gözümüz-qularlarımız AFFA-nın "təbliğat maşını”nın təkrarladığı "millimiz ardıcıl beş oyunda qələbə qazanıb” sözlərindən "mazol” olmuşdu.
Bu pafos da əvvəlkilər kimi bircə anın içində sabun köpüyü kimi partlayıb getdi. Məlum oldu ki, italyan mütəxəssis Canni De Byazinin çalışdırdığı Azərbaycan millisinin "qələbə seriyası” ciddi rəqiblə qarşılaşana kimi imiş. Necə deyərlər, çoban açınca gözün...
İtalyanın çalışdırdığı yığma komanda bu beş oyunda kimlər məğlub etmişdi? Siyahını bir də nəzərdən keçirək. "Möhtəşəm seriya” beynəlxalq səviyyəli yarışlardan qovulmağın astanasında olan Belarusla oyunda başlamışdı. Bu yerdə onu xatırladım ki, belarusların klubları və yığmaları xeyli müddətdir ki, evindən-eşiyindən didərgin salınıb. Ölkə futbolu bir çox səbəblərdən böhran yaşayır. Yeri gəlmişkən, bu ölkənin gəncləri dünən Andorra ilə qolsuz bərabərliyə razılaşdılar. Əlavə şərhə ehtiyac varmı?! İkinci qələbəmizin Slovakiya üzərində qazanmışdıq. Həmin Slovakiya ki, Qazaxıstanla oyunlarda qrupda lider olmaq şansını qaçırmış, Millətlər Liqasında turnir hədəflərindən uzaq düşmüş və motivasiyasını itirmişdi. Elə həmin ssenarinin davamı bizimkilərin Qazaxıstanla oyununda da yaşandı. Qazaxlar Bakıya qrup lideri kimi, özü də heyətdə köklü dəyişikliklərlə gəldilər. Üstəlik, oyunun gedişində azlıqda qaldılar. Bütün bu nüanslar görüşün yekun nəticəsini müəyyənləşdirdi.
Ümumiyyətlə, Millətlər Liqası UEFA-nın təqvimə əlavə etdiyi rəsmi yoldaşlıq görüşləridir. Bu turnirdə komandalar öz səviyyələrinə uyğun rəqiblərlə qarşılaşır, təqvimə uyğun yoxlama oyunları keçirir. UEFA isə bu və ya başqa formada öz kommersiya maraqlarını həyata keçirir, tərəfdaş və sponsorlardan gələn gəlirini artırır. Ona görə də Avropanın bir çox aparıcı futbol ölkələri bu yarışa barmaqarası yanaşır, futbolçular tez-tez ağır təqvimdən şikayətçi olurlar. Moldova millisi dünən Farer adalarına qalib gələ bilmədi, evdə keçirdiyi oyunda məğlubiyyətdən canını güclə qurtardı. Bizim "biləyini bükdüyümüz” rəqiblərdən biri də moldovanlar idi, yoldaşlıq görüşündə onları məğlub etmişdik. Digər düşərli rəqib Şimali Makedoniya isə qazandığı böyük uğurlardan sonra yeni istedadların axtarışındadır, bizimlə oyuna da məhz milliyə namizədlərə baxış məqsədi ilə yanaşdılar.
Bir sözlə, həmin beş oyunun statusuna, rəqiblərin səviyyəsinə baxanda görürük ki, bu qələbələr bizim başımızı aldatmaqdan və Canni De Byazi ilə müqavilənin uzadılmasına zəmin hazırlamaqdan başqa heç nəyə yaramayıb. Avstriya ilə oyun göstərdi ki, məğlub olmayan Azərbaycan millisi qarşısına normal rəqib çıxmayan komanda imiş. Bircə ciddi rəqiblə qarşılaşan kimi bizə yerimizi göstərdilər, De Byazinin və komandasının əsl səviyyəsi də məhz bu görüşdə üzə çıxdı. Bundan sonrası daha çətin olacaq. Qarşımızda Belçika ilə oyunda ağır yara almış İsveç çıxacaq, bizi daha böyük hesabla yenilgidən ancaq Allah qoruya bilər.
Oyunun gedişində onu düşünürdüm ki, Canni De Byazi ilk 15 dəqiqədəki bərabərsəviyyəli oyunu əlində bayraq edəcək, mətbuat konfransında məhz bu məqamın üzərinə fokuslanmaqla özünə bəraət axtaracaq. Belə də oldu, italyan həmin müddəti ilk qola qədər "uzatmaqla” daha bir qırmızısifətlik nümunəsi göstərdi. Adamda xəcalət çəkmək qabiliyyəti, azarkeşlərdən üzr istəmək ehtiyacı qətiyyən yoxdur. Bütün bunlar məlum, heç də təəccüblənmirik. Ən çox Aftandil Hacıyevlə Sənan Qurbanovun adına təəssüfləndim. İşsiz mütəxəssislər oyundan əvvəl AFFA-nın xoşuna gəlməkdən ötrü "CBC Sport”un efirində De Byaziyə, onun seçiminə tərif yağdırır, ardıcıl beş oyunda qalib gəlməyimizi tez-tez vurğulayırdılar. Onların mütəxəssis rəyləri də, bəy tərifi də bir şeyə yaramadı. İndi nə onların bu şərhlərinin bir mənası var, nə də qazandığımız o beş qələbənin. Keçmiş olsun!
Amal Abuşov
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək