Bulvardakı məşhur gəmi-restoran - Qiymətlər

09:32 - 25 Mart 2023 - GÜNDƏM

 Bulvardakı məşhur gəmi-restoran - Qiymətlər

Son illərdə Bakı sakinlərinin və xarici qonaqların ən çox getdiyi məkanlardan biri dəniz kənarında, Su İdman Sarayının yaxınlığında tankerdə yaradılan “Suraxanı” gəmi-muzey restoranıdır.

BUTA.TV xəbər verir ki, uzunluğu 123,5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir.

Əvvəllər gəmiçiliyin tərkibində neft-təmizləyici stansiya qismində istismar edilən tankerin muzeyə çevrilməsinə 2017-ci ildə qərar verilib. Bundan sonra gəmidə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bəzi məlumatlara görə, gəminin təmirinə 2 il ərzində təxminən 23 milyon manat xərclənib. Buranın dünyada ilk tanker-muzey olduğu da deyilir.

2021-ci ildən istismara verilən gəmi-muzeydə elə restoran da həmin vaxtdan fəaliyyətə başlayıb. Bu restoranda dəniz məhsulları və milli mətbəxin bir çox təamları gələn qonaqlara təqdim olunur.

Hazırda restoranda 4 nəfərlik səhər yeməyi menyusu 50 manat təşkil edir. Bu qiymətə pendir çeşidləri, zeytun assorti, bal, qaymaq, fındıq əzməsi, şokolad yağı, qatılaşdırılmış süd, 4 çeşid mürəbbə, kolbasa, pomidor, xiyar, sosiska, yumurta ilə bişirilmiş yeməklər, fəsəli və smit daxildir.

Növündən asılı olaraq salatların qiyməti 4-20, uxalar 10-15, krevetkalar 15-20, balıq yeməkləri 15-60, toyuq yeməkləri 8-30, ət yeməkləri 15-20, plovlar 10-50, qarnirlər 4-5, içkilər 3-12, kofe çeşidləri 5-8, desertlər 7-8, mövsümi olaraq xəmir yeməkləri isə 1-8 manat arası dəyişir.

Həmçinin, restoranda 65 manatdan başlayan banket menyusu mövcuddur.

Məkanda 10% servis haqqı da var.

Restoranda adi günlərdə olmasa da, xüsusi günlərdə (8 Mart, Yeni il və s.) şou-proqrama görə depozit haqqı tələb olunur. Rezerv üçün sadəcə 1-2 gün öncədən restorana müraciət etmək kifayətdir. Bayram günlərində də bu qayda keçərlidir. Həmçinin, məkanda cümə, şənbə və bazar günlərində canlı musiqi təşkil olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol