“Maşını sürə-sürə intim təklif etdi, mən isə..." - Dəhşətli hadisə

11:18 - 23 Mart 2023 - KRİMİNAL

 “Maşını sürə-sürə intim təklif etdi, mən isə...

Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Azər cinsi azlıq nümayəndəsi Nihadı (adlar şərti verilib - red.) şantaj edib.

BUTA.TV xəbər verir ki, Azər ötən il iyunun 10-da gecə saatlarında "Hyundai İ-30" markalı avtomobillə "Nizami" metrostansiyasının yaxınlığında hərəkətdə olarkən, Nihadı sərnişin qismində avtomobilinə mindirdikdən sonra onun cinsi azlıq nümayəndəsi olduğunu bilib.

O, tamah niyyəti ilə Nihadın haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onunla otellərin birində istirahət etmək adı ilə iyunun 12-də saat 17 radələrində Səbail rayonu ərazisində yerləşən Axundov adına parkın yaxınlığında avtomobilinə mindirib və Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin qarşısına gətirib. Nihadı cinsi azlıq nümayəndəsi olması barədə bölməyə müraciət edib, təhvil verəcəyi ilə hədələyib. O, Nihaddan 5000 manat məbləğində pul tələb edib. Nihad isə yaxın qohumları tərəfindən ifşa olunacağından ehtiyatlanıb və istifadəsində olan mobil telefonu ona verib.

Azər "Bir bank" mobil tətbiqi vasitəsi ilə Nihada məxsus bank kartında olan 680 manat pulu öz istifadəsində olan bank kartına köçürüb. Pulun qalan hissəsini də əldə etmək məqsədi ilə Nihadı avtomobillə "Cavahir" restoranına gətirib. Həmin yerdə Nihad fürsət taparaq Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng vurub və cinayət barədə məlumat verib.

Bundan sonra Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları Azəri saxlayıb.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, maddi vəziyyəti pis olduğu üçün icarə qaydasında idarə etdiyi "Hyundai İ-30" markalı avtomobillə taksi fəailiyyəti ilə məşğul olub:

"İyunun 10-da gecə saatlarında "Uber" mobil tətbiqi vasitəsi ilə daxil olmuş sifariş əsasında "Nizami" metrosunun yaxınlığında bir nəfər müştəri götürdüm. Kişi cinsindən olmasına baxmayaraq müştəri yolda qolu ilə mənə toxunmağa başladı. Onun cinsi azlıq olduğunu başa düşdüm. Avtomobilimi saxlayaraq, onu aşağı saldım. Bir qədər yalvardıqdan sonra onu yenidən avtomobilə mindirdim. Qərara aldım ki, cinsi azlıq olduğu üçün həmin şəxsi polis adı ilə qorxudub, pullarını ələ keçirim. Müştərini yaşadığı ünvana düşürtdükdən sonra mobil nömrəsini götürdüm və sağollaşdım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 12-də keçmiş müştərisinə zəng vurub və onunla görüşmək istədiyini söyləyib: "Saat 17.30-da həmin şəxsi avtomobillə götürdüm. Birlikdə "Fəvvarələr Meydanın"da yerləşən "Soul Kitchen" restoranına getdik. Orada yemək yedikdən sonra Nihadı Xırdalan şəhərində yerləşən "Vulkan" adlı otelə dəvət etdim və avtomobili həmin otelin qarşısına sürdüm. Lakin ona yalandan oteldə yer olmadığını bildirdim.

Geri qayıdanda avtomobili Biləcəri qəsəbəsində yerləşən 6-cı polis bölməsinin qarşısında saxladım. Nihada onun cinsi azlıq olması barədə polisə məlumat verəcəyimi və polis də barəsində tədbir görəcəyini söylədim. Nihad bu sözümdən qorxuya düşdü və polisə məlumat verməməyimi xahiş etdi. Mən isə bunun müqabilində ondan 5000 manat tələb etdim.

Nihad bank kartında 680 manat olduğunu bildirdi. Bank kartımı təqdim etdim, o da 680 manatı mənim bank kartıma göndərdi".

Azər deyib ki, Nihaddan əlavə olaraq 2000 manat da tələb edib: "Nihad üzərində pulun olmadığını, lakin dostundan alaraq verə biləcəyini bildirdi. Ondan dostunun yerini soruşdum, "Cavahir" adlı restoranında olduğunu bildirdi. Birlikdə Nazirlər Kabinetinin yaxınlığında yerləşən "Cavahir" adlı restorana getdik.

Orada masaların birində əyləşdikdən sonra Nihad sanitar ayaqyoluna daxil olmaq adı ilə masadan uzaqlaşdı. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları restorana daxil oldular və məni Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə apardılar".

Azər törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, zərərçəkmiş şəxslə barışdığını, ziyanı ödədiyini və atasının 1-ci Qarabağ müharibəsi veteranı olduğunu bildirib və bunların nəzərə alınmasını istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nihadın sözlərinə görə, təxminən 10 il olar gizli şəkildə cinsi azlıq nümayəndəsidir və bu barədə ailə üzvlərinin xəbəri olmayıb: "İyunun 10-da yaşadığım ünvana getmək üçün "Nizami" metrosunun yaxınlığında taksi sifariş verdim. Qara rəngli "Hyundai İ-30" markalı avtomobil gəldi, qabaq oturacaqda oturdum.

Yolda söhbət əsnasında taksi sürücüsü cinsi azlıq nümayəndəsi olduğumu bildi. Maşında mənimlə yaxınlıq təklifi etdi. Həddindən artıq sərxoş olduğumdan ona nə razılıq, nə də rədd cavabı verdim. Sürücü hərəkətdə ola-ola intim hərəkətlər təklif elədi. Ona başqa gün oteldə görüşə biləcəyimi bildirdim. Sürücü dedi ki, adı Azərdir, polis əməkdaşı olmasına baxmayaraq çəkinmək lazım deyil".

Nihad bildirib ki, iyunun 12-də Azər onu vatsap vasitəsi ilə yığıb: "Zəngi rədd etdim və öz nömrəmdən adi qaydada ona zəng vurdum. Azər mənimlə görüşmək istədiyini bildirdi. Buna etiraz etmədim. Həmin gün saat 17.30-da Axundov bağının yaxınlığından Azərin maşınla dayandığı MUM-ın yaxınlığına getdim. Birlikdə Fəvvarələr meydanı ərazisində yerləşən "Soul Kitchen" kafesinə getdik.

Orada bir qədər söhbət etdik və kokteyl içdik. Daha sonra hesabı verdim. Azərin təklif etdiy Xırdalan şəhərində yerləşən otelə getdik. Oteldən xoşum gəlmədiyi üçün Azərə geri qayıtmağı təklif etdim. Geri qayıdarkən Azər idarə etdiyi avtomobili Biləcəri qəsəbəsində yerləşən polis bölməsinin inzibati binasının qarşısında saxladı. Məndən 5000 manat tələb etdi. Əks halda mənim cinsi azlıq olduğum üçün polis bölməsinə təhvil verəcəyini bildirdi.

Cinsi azlıq olduğum üçün hər hansı bir məsuliyyətə cəlb olunacağımdan və bununla da biabır olacağımdan ehtiyat etdim. Azərə bank kartımda yalnız 767 manat olduğunu bildirdim. O, telefonumu götürərək "Bir bank" mobil tətbiqi vasitəsi ilə mənə məxsus bank kartımdan öz istifadəsində olan karta 680 manat məbləğində pul köçürdü. Amma məndən əl çəkmədi. Yenə də pul tələb etməyə başladı".

Nihad qeyd edib ki, Azər əlavə 2000 manat da əlavə tələb edib: "Məni təxminən iki saat avtomobilində saxladı, hətta sinəmə yumruqla zərbə də endirdi. Məcburiyyət qarşısında qaldım, Azərə yalandan "Cavahir" restoranında işləyən dostumdan pul götürərək verə biləcəyimi bildirdim. Bundan sonra birlikdə "Cavahir" restoranına getdik. Masaların birində əyləşdikdən sonra Azərə sanitar qovşağına getmək istədiyimi bildirdim. Bu bəhanə ilə həmin yerə getdim. Daxili İşlər Nazirliyinin 102 Zəng Xidmətinə zəng etdim. Hadisə barədə məlumat verdim".

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol