Son vaxtlar Naxçıvanda tez-tez müxtəlif peşə sahibləri etiraz aksiyaları keçirir. Tibb işçiləri və müəllimlərdən sonra ötən gün də fəhlələr işi dayandırıblar.
Qeyd edək ki, Naxçıvan həmişə stabil bölgə kimi tanınıb. Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi 30 ilə yaxın dövr ərzində orada heç vaxt mitinq, piket və tətil olmayıb.
Müşahidəçilər son vaxtlar Naxçıvanda baş verən hadisələrin arxasında V.Talıbov və adamlarının dayandığını düşünürlər. Onların fikrincə, “xan” vəzifədən getsə də, adamları hələ də iş başındadır və lazım olanda prosesləri sabotaj etməkdən çəkinmirlər. Bu ehtimallar nə dərəcədə doğrudur? V.Talıbovun Naxçıvan üzərində hələ də hansısa formada təsir imkanları qalıbmı? Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib ki, Naxçıvanda mitinq edənlərin hamısı Talıbov və onun qohum-əqrəbalarının şirkətlərində çalışanlardır: “İşçilərin mitinq etməyini normal qəbul etmək lazımdır. Çünki 30 il müddətində naxçıvanlıların içində yığılan qorxu hissi aradan qalxıb və insanlar öz haqlarını tələb edirlər.
Lakin belə görürəm ki, bunlar bir növ hazırlanmış mitinqlərdir. Yəni adamları qəsdən incidirlər ki, onlar çıxıb fikirlərini bu şəkildə desin. Onlar Azərbaycana sübut etmək istəyirlər ki, Naxçıvan Vasif Talıbovsuz yaşaya bilməz. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini də bir növ gözdən salmağa çalışırlar. Mən buna ayrı cür ad tapa bilmirəm”.
“Görünən odur ki, bunları Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edirlər. Bunun ən rahat çıxış yolu həmin adamların tələblərinin yerinə yetirilməsidir. Adamlara əməkhaqqı vermirlər. Halbuki dövlətin hər cür rıçaqı var. Polis, vergi, prokurorluq, audit və s. Onlar gedib hər şeyi yoxlasınlar. Bu pul hara gedib, təyinatı üzrə niyə xərclənməyib, araşdırsınlar”, - əlavə edib.
C.Nuriyev söyləyib ki, Naxçıvanda bir çox nazirləri yavaş-yavaş işdən çıxarırlar, amma bu, əsas məsələ deyil:
“Əgər bu etirazlar Naxçıvanda kütləvi hal alarsa, bunun qarşısını almaq daha çətin olacaq. Yaxşı olar ki, müvafiq qurumlar bu addımı atsınlar.
Bu gün Azərbaycanın Qarabağla bağlı müəyyən problemləri var. Ona görə də indiki şəraitdə Prezidenti daxili siyasətə yönəltmək düzgün deyil. Bu problemləri hökumət həll etməlidir. Niyə hər şeyi Prezidentin üstünə atırlar? Ayrı-ayrı icra hakimləri bunları həll etməlidir. Əks təqdirdə, bu məsələ böyüyə bilər. O da indiki şəraitdə bizə heç lazım deyil”.
O, vurğulayıb ki, belə şeylərə görə, camaatı incitməyə ehtiyac yoxdur:
“Ümumiyyətlə, dünyada əvəzsiz adam yoxdur, o cümlədən də Vasif Talıbov. Lakin, adətən, bu tip adamlar özlərini cəmiyyətə daha çox əvəzsiz göstərməyə çalışırlar. Əslində isə onlar çoxdan əvəzlənməli idilər.
Bu, birbaşa dövlətə qarşı təxribatdır. Uzun müddət dövlətə çalışasan, ona xidmət edəsən, daha sonra buraxdığın səhvə səni uzaqlaşdırıblar deyə dövlətin əleyhinə işləyəsən, mənə elə gəlir ki, bunun adı artıq xəyanətdir. Bu milyonlar və on milyardlar bu dövlətin hesabına yığılıb”.
“Mən Talıbovun haqqında material yığmamışam, amma istənilən nazir haqqında araşdıranda görürsən ki, nə var-nə yox. Bu da elə bir şeydir. Bu dövlətin müvafiq qurumları var. Onlar nə ilə məşğuldur, nəyi gözləyirlər?
Azərbaycanda toxunulmaz adam yoxdur. Qanun buna imkan verir. Cənab Prezident oraya nümayəndə təyin edib. Ona kömək etmək lazımdır. Naxçıvanda 30 il ərzində formalaşmış “adət-ənənə”ni dəyişdirmək çox çətindir. Onlar Fuad Nəcəfliyə problem yaratmaq və ona göstərmək istəyirlər ki, buranı, ancaq onlar idarə edə bilər və onlar da idarə etməlidir. Ona görə də müvafiq dövlət qurumları çox ciddi işlər görməlidir”, - yekunlaşdırıb.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...