Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar son proseslər, xüsusilə rəsmi İrəvanın sülh müqaviləsini müxtəlif bəhanələrlə imzalamaqdan imtina etməsi, zaman qazanmağa çalışmasına görə yaranan gərginlik fonunda gündəmə gəlir, o cümlədən, beynəlxalq müstəvidə bu il Bakı və İrəvan arasında hərbi toqquşma proqnozlarından qaynaqlanır. Ermənilərin qorxuları və bu qorxudan qaynaqlanan iddiaları Azərbaycanın hərbi müstəvidə addım atması ilə bağlıdır.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, erməni siyasi fəal Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində bu iddialar üzərindən müəyyən mülahizələr irəli sürür. Onun mülahizələrində əsas diqqət çəkən məqam hərbi eskalasiyanın vaxtına dair dedikləridir.
Erməni fəal iddia edir ki, Azərbaycan aprel ayının sonunda hərbi müstəvidə addımlar ata bilər.
“Ermənistanın baş naziri Avropa ölkələrində sülh dilənir, xahiş edir və yalvarır ki, Azərbaycan hücuma keçsə, beynəlxalq birlik bunun qarşısını alsın. Paşinyanın Berlindəki çıxışı da bu səpkidə idi. Beynəlxalq birlik buna məhəl qoymaq fikrində deyil. Hərbi eskalasiya reallıqdan daha artıqdır. Avropalılar isə yenə əvvəlki kimi “mövqelərə qayıdın” çağırışı edəcək və hər şey bununla yekunlaşacaq. Altı aydır ki, ABŞ və Avropanın müxtəlif ölkələri Azərbaycanı sentyabr döyüşlərində nəzarətə götürdüyü ərazilərdən geri qayıtmağa çağırır, lakin bu reallıqda heç nəyi dəyişmir. Yeni müharibə və yeni ərazilərə nəzarət zamanı da Azərbaycana yalnız şifahi çağırışlar ediləcək”, - erməni şərhçi yazır.
Onun fikrincə, İran hazırda hücum təhlükəsi ilə üz-üzə olduğu üçün onun da reaksiyası şifahi bəyanatlardan uzağa getməyəcək: “Azərbaycan yeni hərbi addımlarını Mehridən, yəni İranla sərhəddən uzaqda ata bilər. Bunun Geqarkunik və Vayots Dzor (Dərələyəz) istiqamətlərində baş verməsi ehtimalı daha böyükdür”.
Qeyd edək ki, erməni müəllifin bu iddiası Qazaxın işğal altında olan 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlıdır. Azərbaycan tərəfi işğal altında olan kəndlərin sərhədin delimitasiya-demarkasiya prosesində qaytarılmalı olduğunu, əks təqdirdə, diplomatlar yox, hərbçilərin danışacağını bildirib. Ermənistan tərəfi isə qeyri-konstruktiv mövqeyi ilə bütün sülh prosesini baltalayır.
Avetis Babacanyan hesab edir ki, Ermənistanı Rusiya xilas edə bilər.
“Lakin Moskva da prosesə seyrçi qalacaq. Bu, həm diqqətinin Ukrayna müharibəsində olmasından, həm də Paşinyanın anti-Rusiya siyasətindən qaynaqlanır”, - erməni şərhçi bildirib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi