Rejim qızları zəhərləməklə bizi qorxutmaq istəyir - Türkər

08:02 - 7 Mart 2023 - GÜNDƏM

 Rejim qızları zəhərləməklə bizi qorxutmaq istəyir - Türkər

Ötən ildən başlayan və hələ də fərqli yönlərdə davam edən etirazların ən öndə gedəni qadınlar, özəlliklə gənc qızlar olmuşdu. İran İslam İnqilabından sonra qadınların belə böyük etirazlarda iştirakı görünməyib. İran hökuməti yaxşı bilir ki, rejimin durumu getdikcə pisləşir. Önümüzdəki günlərdə yenidən etirazlar olacaq. Bu etirazların ilk səbəblərindən biri də qadınların özgürlüyü, özəlliklə baş örtüyü məsələsidir.

Bu sözləri BUTA.TV-a açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatı sədrinin köməkçisi (GAMOH), İran üzrə ekspert Elyar Türkər deyib.

Artıq gəncliyin oyandığını deyən ekspert onların öz haqlarını yaxşı bildiklərinə diqqət çəkib:

“İnsanlar, xüsusilə də qızlar dünyadakı inkişafı və digər qadınların necə rahat yaşadığını görürlər və öz haqlarına sahib çıxmaq fikrindədirlər. Amma İran molla rejimi elə bir sistem qurub ki, qadınların azadlığı mollaların yıxılmağı deməkdir. Bu illər ərzində mollalar qadınların haqlarını tapdalamaqla, özlərin irəli aparıb. Minbərə çıxıb həmişə qadınlardan danışıblar. Məscidə və hər yerdə əsas mövzu qadınlar olub. Onların haqlarını görməzdən gəliblər, baş örtüklərinə qarışıblar. Bu günləri qadın haqları tanınarsa, demək ki, mollalıq da bitmişdir”.

Onun sözlərinə görə, İranda qız uşaqlarının kütləvi şəkildə zəhərlənməsi qadın haqq və azadlıqlarının boğulması kimi qəbul edilməlidir:

“Rejim yaxşı anlayır ki, növbəti etirazlarda qızların rolu böyük olacaq. Həm qızlardan ötən aylardakı etirazların heyfini alır, həm də üstlərinə bu şəkildə gedərək, gözlərini qorxutmaq istəyir. Onların önümüzdəki etirazlara qatılmasına əngəl olmaq istəyirlər. İnqilabdan sonra “qadınların azadlığına mane olmayacağıq” desələr də, ilk işləri başı açıq qadınların, ya da saçı bir balaca görünən xanımların alnına iynə batırmaq oldu. Yəni, bu rejim gəldiyi gündən qadınlara müxalif olub, onlara işgəncələr verib. Bu gün də bu proses davam edir. Ona görə də əminəm ki, önümüzdəki aylarda etirazlar qaçılmaz olacaq. Bu etirazların başında isə qadınlar dayanacaq. Odur ki, Qumdan başlayaraq, İranın bir çox şəhərlərində xüsusi qazla qızlarımızı zəhərləməyə çalışırlar. Onların məktəbə getməsinin önünü kəsmək və ailələrin gözünü qorxutmaq fikrindədilər. Amma bu tərs təpəcək və rejimin öz əleyhinə işləyəcək”.

Qeyd edək ki, son günlər İranda müxtəlif şəhərlərdə və məktəblərdə yüzlərlə qız şagird zəhərlənib. Bir çoxları bunu rejimin qəsdən etdiyinə inanır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol