Tariyel Qurbanovu şantaj edənlərə hökm oxundu

21:16 - 3 Mart 2023 - GÜNDƏM

 Tariyel Qurbanovu şantaj edənlərə hökm oxundu

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Azər Paşayevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərin hər birini ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli bilib.

Hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün il azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Hökmdən əvvəl təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını, məhkəmədən onların durumunu nəzərə almağı xahiş ediblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər prokuror Tariyel Qurbanovu hamamda çəkilmiş şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmaması müqabilində Tariyel Qurbanovdan müxtəlif məbləğlərdə pul alıblar. Dəstə üzvlərinin əməlindən ziyan çəkənlərdən biri də Mirvasif Mahmudovdur.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, təqsirləndirilən Pərvin Yusifov istisna olmaqla digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Son olaraq Abşeron rayon prokurorunun böyük köməkçisi işləyən Tariyel Qurbanov vaxtilə sol əllə hərbi salam verdiyinə görə gündəmə gəlib.

2023-cü il yanvarın 16-da Tariyel Qurbanovun öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol