Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı

13:04 - 12 Aprel 2026 - GÜNDƏM

 Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədri Zaur Mikayılovun “Xəzər TV” və “Report”a verdiyi müsahibədə xeyli sensasion məqamlar var.

BUTA.TV Bakupost-a istinadla xəbər verir ki, onun səsləndirdiyi fikirlər əslində illərdir danışılan, amma açıq şəkildə etiraf olunmayan bir problemin üzərindən pərdəni qaldırır:

“Keşlədəki həmin evi görmüsünüzsə, onun bitişiyində yerləşən evlər də əslində həmin kollektorun mühafizə zonasında yerləşir. Çünki kollektorların istismarı və mümkün müdaxilələr üçün texnikanın həmin əraziyə daxil olması tələb olunur. Məsələn, həmin kollektor təxminən 9 metr dərinlikdən keçir. Bu isə o deməkdir ki, orada qazıntı aparmaq üçün daha geniş əraziyə ehtiyac yaranır.

Yəni 9 metr dərinlikdə kotlavan qazılması üçün texnikanın işləyə biləcəyi daha geniş sahə tələb olunur. Buna görə də kollektorların mühafizə zonası əslində daha geniş olur və kollektorun diametrindən asılı olaraq bu zona 10, 15, hətta 20 metrə qədər uzana bilər.

Bu evlərin bir qismi vaxtilə tikilib. Dediyiniz kimi, onların bir hissəsi qanunsuz və sənədsizdir. Lakin təəssüf ki, sənədi olan evlər də mövcuddur.

Hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir. Nazirlər Kabinetinin qərarı ilə xüsusi komissiya yaradılıb və bu komissiya həm kollektorların, həm də içməli su magistral borularının üzərində yerləşən tikililərlə bağlı araşdırmalar aparır. Çünki problem yalnız kollektorlarla bağlı deyil - bəzi hallarda içməli su magistral xətlərinin üzərində də evlər tikilib”.

Bu açıqlama mövcud problemlərin açıq ifadəsi ilə yanaşı, çox böyük bir cinayət şəbəkəsinin ifşasıdır.

Əgər bu istiqamətdə dövlət səviyyəsində real araşdırma aparılarsa, çox böyük bir mexanizmin üzə çıxacağı, bəzi vəzifəli şəxslərin məsuliyyətə cəlb ediləcəyi istisna deyil.

Çünki…

Evlərə “çıxarış” necə verilir?

Azərbaycanda fərdi yaşayış evinə çıxarış almaq sadə prosedur deyil. Bu, bir neçə qurumun iştirak etdiyi mərhələli prosesdir.

İlkin olaraq, bələdiyyə və s. torpaq sənədini verir, yerli icra hakimiyyəti tikintiyə nəzarət edir. Tikinti bitdikdən sonra onun dövlət qeydiyyatına alınması, yəni “çıxarış” alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edilir.

Bundan sonra həmin evin dövlət qeydiyyatına alınması üçün aidiyyəti qurumların rəyləri alınır. O rəylər müsbət olduğu halda “çıxarış” (kupça) verilir.

Rəyləri hansı qurumlar verir?

“Çıxarış”ın verilməsi üçün qaz, elektrik, s və digər qurumlar əraziyə baxış keçirir, hər biri öz sahəsi üzrə rəy verir.

Məsələn:

• su qurumu təsdiqləməlidir ki, ərazidən magistral xətt və kollektor keçmir

• elektrik qurumu yüksək gərginlikli xətlərin mühafizə zonasını yoxlayır

Sonda isə bütün bu rəylər əsasında Əmlak Məsələləri Dövlət Xidməti çıxarış verir.

Cinayət dolu reallıq: kollektor da var, kupça da…

Zaur Mikayılovun açıqlaması göstərir ki:

- kollektorlar mövcuddur

- mühafizə zonası açıq şəkildə pozulub

- buna baxmayaraq bəzi evlər sənədləşdirilib.

Bu, yüksək vəzifəli şəxsin dilindən səslənən ciddi qanunsuzluq iddiasıdır.

Belə olduqda ortaya həmin evlərin necə sənəd — “çıxarış” alması ilə bağlı yalnız iki variant çıxır: ya su qurumu yanlış və ya saxta rəy verib, ya da Əmlak Məsələləri Dövlət Xidməti rəylərə baxmadan saxta sənəd hazırlayıb.

Bunlar isə ağır cinayətlərdir: vəzifə səlahiyyətini aşmaq, saxta sənəd hazırlamaq, korrupsiya və s.

Ən kritik məqam: eyni qurum, iki reallıq

Bu açıqlamada diqqət çəkən daha bir məqam var: problemi açıqlayan şəxsin rəhbərlik etdiyi qurum – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi eyni zamanda keçmişdə həmin ərazilərlə bağlı rəy verən əsas qurumlardan biri olub.

Yəni Mikayılovun dedikləri real vəziyyətin təsviri ilə yanaşı, rəhbərlik etdiyi qurumda əvvəlki dövrdə verilmiş qərarları da sual altına alır, köhnə idarəetmənin nəticələrini ifşa edir.

Əgər bu evlər dünən rəy alıb, sənədləşdirilib, bu gün isə qanunsuz sayılırsa, onda bu qərarları kim verib?

Bu sənədlərə imza atanlar kimdir və onlar məsuliyyət daşıyacaqmı?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol