Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq

Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq

Tarix: Siyasət

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ötən ilin dekabr ayında təyyarə qəzasında ölənlərin ailəsinə və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi. Kreml sahibinin həmin görüşdəki cümləsi belə idi: “Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Putin söylədiklərinin heç biri yerinə yetirmədi:

“Nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi.

Bundan başqa, Qazaxıstan təyyarə qəzasıyla bağlı yaratdığı komissiyanın yekun hesabatını da açıqlamayıb. Halbuki bütün faktlar ilk gündən bəlli idi. Bunlar varkən, Kreml Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspor təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspor rəhbərliyinə təyin etməyə başladı.

Belə vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi”.