Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir

Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir

Tarix: Siyasət

Azərbaycan Ədliyyə Nazirliyi Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, Dubayda yaşayan Azərbaycanın məşhur bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının üç azyaşlı övladı ilə bağlı davam edən məhkəmə çəkişməsi haqqında açıqlama verib.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətindən bildirilib ki, mövcud beynəlxalq hüquqi mexanizmlər Azərbaycana bu işə fərdi qaydada birbaşa müdaxilə etməyə imkan vermir.  Belə ki, məsələyə dair hüquqi qərarların verilməsi tam şəkildə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq məhkəmə və hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

Qeyd olunub ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan “Mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” saziş vətəndaşlara birbaşa hüquqi yardım göstərilməsini nəzərdə tutmur.

Ədliyyə Nazirliyindən bildirilib ki, saziş yalnız məhkəmə sənədlərinin ötürülməsi, sübutların toplanması və məhkəmə qərarlarının tanınması və icrasına dair texniki prosedurları əhatə edir.

“Müqavilənin tətbiq sahəsinə məhkəmə çağırışları və digər məhkəmə sənədlərinin təqdim edilməsi, yazılı vəsatət və ya tapşırıq vasitəsilə dəlillərin götürülməsi, məhkəmə qərarlarının, o cümlədən uşaqlara görə alimentin tutulması barədə qərarların, barışıq sazişlərinin tanınması və icrası ilə bağlı məsələlər daxildir”, deyə cavabda bildirilib.

Ədliyyə Nazirliyindən verilən açıqlamada o da qeyd olunur ki, indiyədək nə Zeynəb Cavadlı tərəfindən, nə də Birləşmiş Ərəb Əmirliyi tərəfi vasitəsilə Azərbaycan Ədliyyə Nazirliyinə bu iş üzrə rəsmi müraciət daxil olub. Həmçinin vurğulanıb ki, Azərbaycan vətəndaşları BƏƏ ərazisində yerli vətəndaşlarla eyni hüquqi müdafiə imkanlarına malikdirlər və hüquqi mübarizə yalnız yerli məhkəmələr və vəkillər vasitəsilə aparıla bilər.

“Əgər Azərbaycan Respublikası vətəndaşı BƏƏ-də məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etmək və ya həmin orqanların icraatında hansısa işlə bağlı hüquqi yardım almaq istəyirsə, habelə BƏƏ qanunvericiliyinə əsasən adıçəkilən vətəndaş aidiyyəti məsələlərlə əlaqədar hansısa hüquqlara və vəzifələrə malik olduğunu müəyyən etmək istəyirsə, bu zaman peşəkar hüquqi yardım almaq üçün həmin ölkədə bu sahədə ixtisaslaşmış hüquq (vəkil) xidmətlərinə müraciət edə bilər”, deyə açıqlamada vurğulanır.

“Yeni Sabah” mövqelərini öyrənmək üçün Zeynəb Cavadlı və onun vəkili David Haigh-ə də müraciət edib. Lakin müsahibə təklifinə hər iki tərəfdən cavab verilməyib.

Zeynəb Cavadlı 2019-cu ildə Dubayın hakim ailəsinin üzvü Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumdan boşandıqdan sonra tərəflər arasında üç azyaşlı qızın qəyyumluğu ilə bağlı mübahisə başlayıb. İş son aylarda beynəlxalq mediada işıqlandırılıb.

Zeynəb Cavadlı daha əvvəl verdiyi açıqlamalarda keçmiş ərinin onu uşaqları oğurlamaqda ittiham etdiyini bildirib. O, noyabr ayında baş verən hadisədən sonra sosial şəbəkədə canlı yayım açaraq kömək istədiyini, bundan sonra isə “elektron cinayətlər” maddəsi ilə təqib riski ilə üzləşdiyini qeyd edib.

Onun sözlərinə görə, hazırda üç azyaşlı uşaqla birlikdə evdən çıxmadan yaşayır və uşaqlar məktəbə gedə bilmirlər.

Şeyx Səid isə məhkəməyə təqdim etdiyi sənədlərdə hadisələrə fərqli baxış ortaya qoyur. O, Zeynəb Cavadlını uşaqları icazəsiz aparmağa cəhddə, həmçinin barəsində böhtan xarakterli məlumatlar yaymaqda ittiham edir.