"Uitkoffgeyt" qalmaqalı: Ağ Evdə Rusiyanın casusu kimdir?

"Uitkoffgeyt" qalmaqalı: Ağ Evdə Rusiyanın casusu kimdir?

Tarix: Siyasət

Rusiya-Ukrayna sülh prosesi ətrafında çox maraqlı hadisələr baş verir. "Blumberq" Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Putinin köməkçisi Yuri Uşakov arasında, eləcə də Uşakov və Rusiya Birbaşa Yatırımlar Fondunun sədri Kiril Dmitriyev arasında oktyabr ayında baş tutmuş telefon danışıqlarının "rasşifrovka"sını yayıb.

BUTA.TV xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

“Mətnlərdən anlaşılan odur ki, Uitkoff hazırkı ABŞ administrasiyasında faktiki olaraq Rusiyanın təsir agenti kimi fəaliyyət göstərir. Məsələn, o, Zelenskinin ABŞ-a son səfərindən 2 gün əvvəl, oktyabrın 14-də Uşakov ilə telefon söhbətində ona məsləhət görür ki, Putin Trampa zəng eləsin, Qəzzadakı sülhlə bağlı onu təbrik etsin, tərifləsin, sülh adamı adlandırsın. Yəni Uitkoff xarici liderə (üstəlik, müttəfiq və dost olmayan ölkənin) ABŞ prezidentini necə manipulyasiya etməyin yollarını öyrədir. Uitkoff Uşakova deyir ki, Qəzzada olduğu kimi, Rusiya-Ukrayna konfliktini də həll etmək və bu barədə plan hazırlamaq olar. Uitkoff Putinə dərin hörmət bəslədiyini və onun sülh istədiyini həmişə Trampa söylədiyini bildirir.

Məlum olduğu kimi, Putin-Tramp telefon danışığı baş verir və Tramp çox məmnun qalır, Putinin sülh istədiyini, yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlayır. Tramp bir gün sonra Ağ Evə gələn Zelenskini əliboş qaytarır. Halbuki Ukraynaya "Tomahavk" raketləri verə biləcəyini söyləyirdi.

29 oktyabr tarixli Uşakov-Dmitriyev telefon söhbətində isə sülh planından danışılır. Dmitriyev bildirir ki, kağızı (sülh təkliflərini) qeyri-rəsmi olaraq ABŞ tərəfinə verəcək. O deyir ki, amerikalılar yəqin tamamilə Rusiya versiyasını əsas götürməyəcəklər, amma buna maksimum yaxın bir sənəd ortaya çıxa bilər.

Məlumdur ki, Dmitriyev ABŞ-a uçur və Uitkoffun Mayamidəki evində onunla, həmçinin Trampın kürəkəni Kuşnerlə görünür, nəticədə "28 maddəlik plan" ortaya çıxır...

Vacib sual:

- Putinin köməkçisi Uşakovu dinləyən və onun telefon danışıqlarını məhz bu anda mediaya sızdıran güc kimdir?

Hər kimdirsə, böyük ehtimalla hazırkı sülh prosesini öz maraqları baxımından uyğun hesab etməyərək onu pozmağa çalışır. (Əllərində bu tip çoxlu sayda materiallar olduğuna şübhə yoxdur). Bu, ABŞ kəşfiyyatı da ola bilər, Britaniya kəşfiyyatı da. İstisna deyil ki, sülh planının son variantından (19 maddəlik) məmnun qalmayan Rusiya da prosesin pozulmasında maraqlı ola bilər, amma bu, ağlabatan ehtimal kimi görünmür.

Dövlət katibi Rubionun senatorlarla söhbətində Uitkoffun planını "Rusiya təklifləri" adlandırması və bundan sonra təşəbbüsü üzərinə götürərək Cenevrədə Ukrayna nümayəndə heyəti ilə danışıqlarda bədnam plana Ukrayna lehinə dəyişikliklər etməsi faktını da unutmayaq.

Bu qalmaqalda şəxsi planda ən çox zərər çəkən Stiv Uitkoff ola bilər. Yayılan mətnlər (səs yazıları da var) ilk növbədə onu zərbə altında qoyur. Artıq 2 respublikaçı Konqres üzvü hadisəyə münasibət bildirirək Uitkoffun kənarlaşdırılmasını tələb edib.

Tramp isə ilk şərhində deyib ki, yayılan səs yazıları ilə tanış olmayıb, amma danışıqlar praktikası məhz belə olur, Uitkoff Rusiya ilə təmaslarda Ukraynanı satmalıdır ki, nəticə ala bilsin. Eyni zamanda, Tramp 28 maddəlik məlum sənədi dəstəkləməyərək deyib ki, bu, sülh planı deyil, üzərində işlənilməli olan konsepsiyadır”, - politoloq bildirib.