Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Tarix: Siyasət

Azərbaycanın Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalması ilə bağlı yeni detallar ortaya çıxıb.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmasa da, partlayışın gücü səfirliyin yerləşdiyi ərazidə ciddi dağıntıya səbəb olub.

Raket səfirliyin hasarına dəyib, 5-dən çox avtomobil zədələnib, o cümlədən bir BMV markalı maşın ciddi zərər görüb. Hadisədən dərhal sonra səfirliyin əməkdaşları gecə saatlarına qədər çalışaraq binanın sınmış pəncərələrini dəyişdirib və ərazidə təmizlik işləri aparıblar.

Ukraynanın hüquq-mühafizə orqanları – polis və Təhlükəsizlik Xidməti hadisə yerinə cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb və raket qəlpələri toplanaraq ərazi nəzarətə götürülüb.

Qeyd edək ki, bu, 2022-ci ildən bəri Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı həyata keçirilən ikinci hücumdur.

Hadisə yerində çəkiliş aparan “AnewZ” TV-nin əməkdaşları səfirliyin yaxınlığında yaşayan gənc cütlük – Lasik və Olena ilə danışıb. Onlar bildiriblər ki, raketin yaratdığı partlayışın gücü mənzilin bütün pəncərələrini çilik-çilik edib və evə ciddi ziyan dəyib. Cütlük yeni doğulmuş körpələrinin təhlükəsizliyindən narahat olduqları üçün yaşayış yerlərini dəyişməyi düşündüklərini qeyd ediblər.