Kilsə ilə savaş: Paşinyanın planı budur

Kilsə ilə savaş: Paşinyanın planı budur

Tarix: Siyasət

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında münasibətlərin kəskin şəkildə gərginləşməsində iki əsas məqam ön plana çıxır: kilsənin ölkə siyasətinə təsirini qorumaq istəyi və Rusiyanın kilsə üzərindən İrəvana təsir imkanları.

Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev Ermənistan hökuməti ilə kilsə arasında artan gərginliyi şərh edərkən deyib.

Ekspert bildirib ki, Ermənistan Apostol Kilsəsi tarixən həm daxili, həm də xarici siyasətə ciddi təsir göstərib və bu təsiri qorumağa çalışır:

“Kilsə öz ideoloji nəzarətini saxlamaq, ölkənin xarici siyasətinə təsir göstərmək niyyətindədir. Tarixən Ermənistan kilsəsi dövlətin siyasətinə yön verən institut olub. Paşinyan isə əksinə, bu təsiri zəiflətmək, Ermənistanı ənənəvi şovinist və irredentist siyasətdən uzaqlaşdırmaq istəyir. O, “böyük Ermənistan” xülyasından imtina edib, diqqəti real, 29 min kvadrat kilometrlik Ermənistanın inkişafına yönəltməyə çalışır. Paşinyan bu məqsədlə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına can atır, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edir və regionda sülhün bərqərar olmasına yönəlmiş siyasət aparır. Paşinyan Türkiyədəki erməni abidələrinin bərpasına diqqət yetirir, yeni “soyqırım” memoriallarının qoyulmasına qarşı çıxır. Bu onun regionda əməkdaşlıq və sülh xəttinə sadiqliyini göstərir. Lakin illərlə formalaşmış antitürkiyə və antiazərbaycan təbliğatı, həmçinin kilsənin bu istiqamətdəki mövqeyi Paşinyanın siyasəti ilə ziddiyyət təşkil edir”.

Politoloq qeyd edib ki, qarşıdurmanın ikinci mühüm tərəfi kilsənin rusiyayönlü mövqeyi ilə bağlıdır:

“Ermənistan kilsəsi tarixən Rusiya ilə sıx əlaqələrə malik olub. Kilsə daxilində Moskvanın təsiri altında olan çoxlu sayda din xadimi var. Paşinyan isə Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya olunmaq istəyir. Bu, təbii ki, həm Moskvanın, həm də ona yaxın daxili qüvvələrin narazılığına səbəb olur”.

Rzayev vurğulayıb ki, Rusiyanın dəstəklədiyi siyasi dairələr, o cümlədən Köçəryan–Sərkisyan klanı, yeni ortaya çıxan oliqarx Samvel Karapetyan və kilsə Paşinyana qarşı ortaq cəbhə formalaşdırıblar:

“Bu qüvvələr, eləcə də Rusiyaya bağlı olan kilsə Paşinyanın Qərbyönlü siyasətinə mane olmaq istəyirlər. Nəticədə ölkədə Paşinyanla kilsə arasında açıq qarşıdurma yaranıb. Məsələn, vaxtilə Baqratın Paşinyana qarşı dini yürüş elan etməsi, kilsə rəhbərliyinin hökumət əleyhinə aksiyaları dəstəkləməsi bu ziddiyyətin bariz nümunəsidir”.

Ekspert hesab edir ki, Paşinyan həm daxili, həm də xarici səviyyədə iki cəbhədə mübarizə aparır:

“Bir tərəfdən o, kilsənin dövlət üzərindəki təsirini zəiflətməyə, digər tərəfdən isə Rusiyanın Ermənistan siyasətinə təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Faktiki olaraq, kilsənin nüfuzunu zəiflətməklə Paşinyan Rusiyanın Ermənistandakı təsirini də azaltmaq istəyir”.

Turab Rzayevin fikrincə, növbəti seçkilərdə bu qarşıdurma daha açıq şəkildə özünü göstərəcək:

“Rusiya tərəfindən yönləndirilən oliqarxlar, siyasətçilər və kilsənin dəstəklədiyi dairələr Paşinyana qarşı birləşəcəklər. Qərb isə açıq şəkildə Paşinyanı dəstəkləyir. Beləliklə, Ermənistanda gedən bu proses faktiki olaraq Qərb və Rusiya arasında yeni bir siyasi qarşıdurma müstəvisinə çevrilib. Necə ki, biz bu cür ssenariləri Gürcüstan və Moldovada gördük, indi eyni vəziyyət Ermənistanda yaşanacaq”.