Xəbər verdiyimiz kimi, oktyabrın 13-də Ədalət, Hüquq və Demokratiya Partiyasının Rəyasət Heyəti 2002-ci ildən bu partiyada yer alan, 2024-cü il seçkilərində isə deputat olan Elçin Mirzəbəylini sıralarından kənarlaşdırıb.
BUTA.TV xəbər verir ki, partiya sədri Qüdrət Həsənquliyev 13 oktyabrda mediaya açıqlamasında bunun səbəbi kimi Elçin Mirzəbəylinin öz istəyini göstərmişdi.
“Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”, - Həsənquliyev vurğulamışdı.
E.Mirzəbəylinin açıqlamasından sonra isə bəlli oldu ki, bu, nəinki millət vəkilinin öz istəyidir, ümumiyyətlə, onun partiyadan çıxarılmasından xəbəri belə yoxdur. E.Mirzəbəylinin sözlərinə görə, sentyabrın 29-da onu partiya sədrinin müavini vəzifəsindən azad ediblər, daha sonra isə ümumiyyətlə partiyadan çıxarıblar. E.Mirzəbəylinin açıqlaması onun partiyadan uzaqlaşdırılmasından narazı olduğunun ifadəsi də sayıla bilərdi.
Maraqlıdır, əgər millət vəkili partiyanın siyasi xəttinə uyğun olmayan davranış sərgiləməyibsə və yaxud hər hansı qanunazidd əməl törətməyibsə, partiyadan niyə uzaqlaşdırılmalıdır ki?
Azərbaycan qanunlarına görə, bir partiyanın parlamentdə təmsilçi üzvləri artdıqda onun maliyyə və təsir imkanları da çoxalır. Belə ki, Azərbaycanda parlamentə düşən, həmçinin parlament seçkisində iştirak edib, müəyyən səs alsa da, parlamentə düşməyən partiyalara büdcədən maliyyə dəstəyi verilir. Parlamentə düşən partiyalar təbii ki, seçkidə iştirak edib, daha az səs toplayan və parlamentə düşməyənlərdən daha çox maliyyə alır, eyni zamanda, parlamentdə iki və daha çox üzvlə təmsil olunan partiyanın da maliyyəsi adekvat olur.
Başqa sözlə, ƏHD Partiyasının Milli Məclisdə 2 deputatı olduğu üçün həm maliyyə, həm də seçki komissiyalarında daha geniş təmsilçilik hüququ əldə edirlər. ƏHD Partiyası bu imkanı niyə əlindən çıxarmalıdır?
Q.Həsənquliyevlə E.Mirzəbəyli arasında hər hansı gərginliklə bağlı heç bir məlumat ictimailəşməyib, bu isə onu deməyə əsas verir ki, partiyadan xaric edilən şəxslə siyasi fikir ayrılığının yarandığını ehtimal etməyə sübut yoxdur.
Buna baxmayaraq, E.Mirzəbəylinin proseslərdən xəbərsizliyi təsdiqləyir ki, Rəyasət Heyətinin iclasına çağırılmayıb. Bu isə o deməkdir ki, onun özünü müdafiəsinə ehtiyac belə görülməyib, xəbərdarlıq, töhmətlə ona “daha bir şans” tanınmayıb, birbaşa son qərar qəbul edilib. Deməli, həddən artıq ciddi səbəblər olub ki, partiya rəhbərliyi son vasitəyə əl atıb.
Ən diqqətçəkici məqam isə ƏHD Partiyasının bu qərarının ictimailəşməsi ilə Ramiz Mehdiyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarının üst-üstə düşməsidir. Doğrudur, R.Mehdiyevin həbsi haqda qərar 14 oktyabrda ictimailəşib, ancaq qərarın 13 oktyabrda verildiyi bildirilir.
Qərarların eyni günə düşməsi təsadüfdürmü?
Ümumiyyətlə, ƏHD Partiyası hazırkı məqamda özünü niyə təmizləmək qərarı verdi?