Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

Tarix: Siyasət

İkinci Dünya müharibəsi öncəsi nasist Almaniyasının hərbi hava qüvvələrinin komandanı Herman Gerinq Adolf Hitleri inandırmışdı ki, müharibə aparacaqları ölkənin heç birinin hərbi təyyarələri Almaniya hava sərhədinə yaxınlaşa bilməyəcək, paytaxt Berlin və digər şəhərlərin təhlükəsizliyi yüksək səviyyədə təminat altındadır. Gerinqin vədi doğrulmadı. Böyük Britaniyanın və ABŞ-ın bombardmançı təyyarələri Almaniyanın şəhərlərinə tonlarla bomba atdılar, şəhərlər dağıldı, on minlərlə insan öldü.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Ukraynanın Rusiya aerodromlarına endirdiyi kütləvi zərbələr haqda deyib.

O bildirib ki, nasist Almaniyasının məğlubiyyətində bu bombardmanların da rolu oldu, çünki hərbi zavodlar dağıldığından nasistlərin iki cəbhədə savaşması çətinləşdi:

“Böyük ehtimalla Rusiya hərbi komandanlığı da 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlamamışdan əvvəl Prezident Vladimir Putinə müharibənin ancaq Ukraynada gedəcəyini, Rusiyanın zərər görməyəcəyinə dair oxşar vədlər veriblər. Düyməyə basan Putin bu vədlərə inanıb. Halbuki Ukrayna dronları müharibənin dördüncü ilində Rusiyanın ən ucqar şəhərlərindəki hərbi mərkəzləri, hava limanlarını bombalayır, hərbi təyyarələr yanır. Ukrayna kəşfiyyatının Rusiyanın müharibə ərazisindən uzaq Murmansk və İrkutsk şəhərlərində həyata keçirdiyi əməliyyat isə Kreml sahibinə və onun generallarına imic zərbəsidir. Ukrayna kəşfiyyatı bir il əvvəl dronları Rusiya ərazisinə keçirib və oradan onları havaya qaldıraraq bombardmançı təyyarələri hava limanındaca məhv edib. Yəqin buna cavab olaraq Kreml sahibi Ukrayna şəhərlərini yenidən “Oreşnik” raketləri ilə vurmağı əmr edəcək. Beləcə, sabah İstanbulda tərəflər arasında görüşün nəticəli baş tutma ehtimalı da azalıb”.