Rusiya Prezidenti Vladimir Putin bu gün Prezident İlham Əliyevə zəng edərək, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktauda qəzaya düşməsinə görə üzrxahlığını çatdırdı.
Sosial şəbəkələrin əsas müzakirə mövzusu budur: “Üzr belə olmalı deyil, Rusiya məsuliyyəti öz üzərinə götürmədi, təzminat məsələsinə isə ümumiyyətlə toxunulmadı”.
Bu müzakirələrə Kremlin telefon zəngi ilə bağlı yaydığı məlumat tam aydınlıq gətirir.
Kremlin məlumatında bildirilir: “Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb” (Владимир Путин принёс свои извинения в связи с тем, что трагический инцидент произошёл в воздушном пространстве России, и ещё раз выразил глубокие и искренние соболезнования семьям погибших, пожелал скорейшего выздоровления пострадавшим).
Məsələ bundadır ki, Rusiya lideri Vladimir Putin AZAL təyyarəsinin “kənar müdaxilə” nəticəsində qəzaya uğraması faktına görə üzr istəyib. Çünki mülki təyyarə Rusiya səmasında olub və Rusiya onun təhlükəsizliyini təmin etməyə borclu idi. Ancaq AZAL təyyarəsini Rusiya HHM sistemlərinin vurması və daha sonra təyyarəyə enişə icazə verilməməsi, onun Xəzər üzərinə göndərilməsinə toxunulmayıb, çünki Rusiya hələ bu məlumatların təsdiqləndiyi fikrində deyil və Qazaxıstanda aparılan istintaq bu nəticəni açıqlamayıb, “qara qutu” da oxunmayıb.
Kremlin mətbuat xidməti “liderlər arasında telefon danışığına istinadla” bildirib ki, bu gün Rusiyada istintaq qrupu yaradılıb və “Aktauda fövqəladə hadisədən sonra Rusiya İstintaq Komitəsi hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb, mülki və hərbi mütəxəssislər dindirilir”.
Bunun ardınca isə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işinin Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına verildiyi elan edildi. Yenə maddələr eynidir: “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”.
Hadisənin baş verməsindən yalnız 3 gün sonra cinayət işi açılır və dərhal da birbaşa baş idarəyə göndərilir.
Demək, Rusiya faktı etiraf etdi, hadisənin Rusiya səmasında baş verməsinə və təyyarəni qoruya bilmədiyinə görə üzr istədi və cinayət işi açdı – ancaq cinayət işi fakta görədir, məsul şəxslərin cəlbindən sonra CM-in digər maddələri işə düşəcək. İstintaq Azərbaycanla əməkdaşlığa da açıqdır və artıq azərbaycanlı iki mütəxəssis Qroznıda istintaq prosesində iştirak edir.
Beləliklə, Qazaxıstanda istintaq aparılır, beynəlxalq ekspertlər artıq oradadır, “qara qutu” oxunur, bütün detallar üzə çıxacaq və Rusiya da artıq faktı qəbul edib, günahkarları tapmaq üçün axır ki, hərəkətə keçib.
Yalnız istintaqlar başa çatdıqdan, təyyarənin konkret olaraq “Pantsir”dən vurulduğu ekspertiza rəyi ilə təsdiqlənəndən və məsuliyyət daşıyan şəxslər istintaqa cəlb edildikdən sonra Rusiyanın artıq “təyyarənin hava məkanında təhlükəsizliyini qoruya bilməməsinə” yox, qorumalı olduğu mülki təyyarəni vurmasına və onu Xəzərdə batmağa göndərməsinə görə məsuliyyəti üzərinə götürməsi və təxminat ödəməsi gündəmə gələcək.
Rusiya məhz bu mərhələyə gedib çıxmaması üçün çalışırdı, alınmadı, Azərbaycan prinsipial mövqeyindən qətiyyən geri durmadı.
Rusiya çox böyük ehtimalla AZAL təyyarəsini Ukrayna PUA-sının vurması versiyasını inkişaf etdirməyə və hazırkı “statusunu” – “laynerin təhlükəsizliyini qoruya bilməmə” – saxlamağa çalışacaq. Deyəsən, Ukraynanı da narahat edən budur və Zelenskinin Putindən dərhal sonra İlham Əliyevə zəng vurmasının arxasında bu narahatlıq dayanır.
Rusiyanın buna “nail” olacağı şübhəlidir və demək, ikinci və üçüncü mərhələ - cinayət məsuliyyəti və təzminat – olacaq.
- Gələn il bəzi dövlətlər parçalanacaq - Deputat
- Ekipaj üzvləri dəfn olunur - Canlı
- Qəzanın Moskva-Bakı əlaqələrinə təsir etməməsi üçün...
- AZAL təyyarəsinin vurulması təsdiq edir ki... - Davidov
- Əgər araşdırma Rusiya hökumətinin günahını təsdiqləsə...
- Trampın 3 ölkəni təhdid edən sensasion Milad “təbriki”
- Kamran Əliyev Bastrıkinlə danışdı: Qəzanın birgə istintaqı...
- İlham Əliyev ekipaj üzvlərinin vida mərasimində iştirak etdi