Tokayev kimi seçəcək: Bakını, yoxsa Kremli?

15:56 - 27 Dekabr 2024 - CƏMİYYƏT

 Tokayev kimi seçəcək: Bakını, yoxsa Kremli?

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması hadisənin detallı araşdırılması və həqiqətlərin üzə çıxması üçün unikal imkanlar yaradır: Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür, Azərbaycanla yüksək əlaqələri var, üstəlik, qəza zamanı təyyarədə olan 6 vətəndaşının hamısı həlak olub və s.

Qazaxıstan ilk saniyələrdən özünü çox ləqayətli aparıb, qardaş davranışı sərgiləyib: qəza enişi tələbi ilə müraciət edən AZAL təyyarəsi üçün bütün hazırlıqlar dərhal görülüb, əraziyə FHN və təcili yardım briqadaları toplanıb, eniş yolu tam boşaldılıb. Qəzadan dərhal sonra isə bütün lazımı yardımlar anında göstərilib.

Qazaxıstan mənəvi tərəfi də unutmayıb: Xəzər dənizinə çələnglərin buraxılması da daxil olmaqla, yüksək səviyyəli məmurların yaralı azərbaycanlılara, onların yaxınlarına həddən artıq isti münasibəti, üstəlik, qazax xalqının və ziyalıların toplu halda dərdimizə şərik çıxmaları müşahidə edildi. Təsadüfi deyil ki, bütün bunlar sosial şəbəkələrdə təqdir edilir və qazax xalqına qardaş kimi sonsuz təşəkkürlər bildirilir.

Ancaq Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev ötən gün axşam brifinqdə təyyarənin salonunda oksigen balonunun partlamasını bildirməsi, daha sonra isə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayevin Azərbaycanın kriminalistik ekspertizada iştirakına icazə verilməyəcəyini bildirməsi bəzi suallar yaradır.

Bu xəbər hal-hazırda çox oxunur
Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

Əlbəttə, Qazaxıstan qanunvericiliyinə görə, kriminalistik ekspertizaya Azərbaycan buraxılmaya bilər və bu qanun Rusiyaya da tətbiq edildi, Rusiyanın hüquq-mühafizə orqanları da ekspertizaya buraxılmayacaq. Buna baxmayaraq, Azərbaycan əsas zərərçəkən tərəfdir, ikitərəfli münasibətləri də nəzərə alaraq, Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşlarının kriminalistik ekspertizaya buraxılmasına yaşıl işıq yandırmaq olardı.

Bu, ciddi etirazla da qarşılanmadı. Ancaq AZAL-ın qəzaya uğrayan təyyarəsinin salonunda oksigen balonunun partlaması barədə qazax nazirin açıqlaması şahidlərin, ekipaj üzvünün və mütəxəssislərin birmənalı təkzibi ilə müşayiət olunur.

Ekipajın sağ qalan üzvü də bunu təkzib edir, qəzadan sağ çıxan şahidlər də. Bəs, qazax nazir bunu hansı əsasla səsləndirir?

Bu müəmmalı açıqlama “Kanal 24” Yutub kanalının aparıcısı Oleq Belousov “Monoblog about...” adlı müəllif bloqunda qəza baş verəndən bir neçə saat sonrakı iddiasını yada salır. Belousov iddia edirdi ki, Rusiya lideri Vladimir Putin ölkəsinin məsuliyyətdən yaxasını qurtarmaq üçün Qazaxıstan lideri Tokayevə xahişlər edir və ya edəcək.

Rusiyanın Qazaxıstanda təsir imkanlarını da nəzərə alsaq, Putinin bu xahiş-tələbi səsləndirəcəyi halda Qazaxıstan rəhbərliyi “iki dəfə düşünməyə” məcbur qala bilər.

Ancaq bu xahiş-tələbə Tokayevin boyun əyəcəyi ehtimalı da zəifdir:

1. Tokayev Rusiyada Putinlə birbaşa görüşdə mediaya açıqlamasında Ukraynanın anneksiya edilən ərazilərini Rusiya torpağı kimi tanımamışdı və rəsmən bunu işğal adlandırmışdı;

2. Tokayev cəsarətli siyasət aparır, Rusiya ilə paralel olaraq Qərblə də əlaqələrini yüksək səviyyədəö qoruyur;

3. Tokayev TDT üzvüdür və TDT üzvü olan Azərbaycanın iradəsi və maraqları əleyhinə gedəcəyi ehtimalı zəifdir;

4. “Cin şüşədən çıxıb”: artıq dünyanın əksər analitik mərkəzləri AZAL təyyarəsinin HHM sistemləri ilə vurulduğunu üzərindəki zədələrə görə təsdiqləyirlər. Bəzi iddialara görə, Qərb mənbələrində AZAL təyyarəsinin vudulduğunu sübut edən daha güvəncli faktlar da var;

5. Azərbaycan rəhbərliyi həqiqətin üzə çıxmasında birmənalı qərarlı olduğunu elan edib. Həmçinin istintaqı Qazaxıstan aparsa da, hadisə şahidlərinin böyük əksəriyyəti azərbaycanlılardır və artıq Azərbaycandadırlar, onlar ictimai açıqlamalar verirlər.

İndi həqiqəti gizlətmək o qədər də asan deyil və Tokayevin məhz bu gerçəklikdən çıxış edəcəyi gözləniləndir.

Gözləyək...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol