Hazırda ən çox müzakirə edilən məsələ budur: AZAL-ın Qroznıya uçan təyyarəsi eniş etməyə çalışan vaxt Ukraynanın dron hücumu ilə eyni vaxta düşüb və bu zaman Rusiya HHM qüvvələrinin hədəfinə çevrilib. Nəticədə təyyarə zədələnib və bu da qəzaya səbəb olub.
AZAL təyyarəsini Rusiya vurub?
Əlbəttə, söhbət qəsddən getmir – bu, təsadüfdür və təyyarə də birbaşa iddia edilən “Pantsir” hədəfi olmayıb. Əgər “Pantsir” birbaşa təyyarəni vursaydı, onun 2 saat havada qalması mümkün deyildi.
Ukrayna PUA-sının AZAL təyyarəsini vurması versiyasını da quyruqdakı dəliklər istisna edir: PUA zərbəsi o cür zədə yarada bilməz.
Ən güclü ehtimal PUA-nın AZAL təyyarəsinin yaxınlığında vurulması, partlayış dalğası və qəlpələrin təyyarəyə dəyməsidir. Bu ehtimalı sərnişinlərin partlayış səsi eşitməsini demələri də gücləndirir. Üstəlik, iki “şahid” də var: biri təyyarə sərnişininin qəzadan öncə yaralanması, salonda qan izinin olması, ikinci isə qəzadan sağ çıxan Rəhimovun açıqlaması. O bildirir ki, başının üstündəki paneli və xilasedici jileti qəlpə və ya güllə deşmişdi.
Bu baxımdan inandırıcı versiya: PUA HHM sistemlərindən gizlənmək üçün sərnişin təyyarəsinə yaxın uçur və o vurularkın qəlpələr AZAL təyyarəsini ciddi zədələyir.
Rusiya izi itirmək üçün təyyarəni Xəzərdə batmağa göndərib?
Hazırda sosial şəbəkələrdə və xarici mediada bu iddia da gündəmdədir. Ehtimal onunla əsaslandırılır ki, guya Rusiya təyyarəni zədələdiyini biləndən sonra onun aeroportlarına enməsinə imkan verməyib və Xəzərə istiqamətləndirib ki, orda batsın və bütün faktlar-izlər də silinsin.
Bu ehtimal bir çox səbəblərə görə inandırıcı deyil:
1. Təyyarəni Rusiya qəsdən vurmayıb, üstəlik, təyyarə birbaşa da hədəf deyildi;
2. Təyyarədə rus sərnişinlər də vardı;
3. Rusiya təyyarəni endirə, bunu PUA-nın etdiyi versiyasını gücləndirmək üçün “sübutlar” əlavə edə və bundan öz təbliğatı üçün istifadə edə bilərdi.
Məsələn, təyyarəni endirir, daha sonra quyruqdakı zədələri “genişləndirir” və bunu PUA etdiyi təəssüratını yaradır, xilas edilən sərnişinlər Rusiyaya alqışlarını çatdırırlar, AZAL Rusiyaya təmtəraqlı təşəkkür edir və bu məqamda Sankt-Peterburqda başlayan MDB dövlət başçılarının sammitində çıxış edən Putin isti-isti böyük bir təbliğat aparmış olur.
Və yaxud, heç nə etmədən də Ukrayna PUA-sının sərnişin təyyarəsini özünə sipər etdiyini bildirir və Ukrayna ordusunun həmişə mülki əhalidən canlı qalxan kimi istifadəsi haqda dediklərinin üzərinə bir sübut da gətirib, bunu dünyaya yayır, özünü isə xilaskar kimi göstərir.
Rusiyanın bu unikal imkandan istifadə edib, azərbaycanlıların da Ukraynaya qarşı fikrini formalaşdıracaq təbliğatı kənara qoyub, AZAL təyyarəsini “ölümə” göndərdiyini iddia etmək rus təbliğatını bilməmək deməkdir.
Bəs, niyə dispetçer Rusiya Qroznı və Mahaçqalaya enməyə izn verməyib?
“Səs yazısı” şousu
Bu arada ötən gün axşam saatlarında guya AZAL pilotları ilə Qroznı dispetçeri arasında baş verdiyi iddia edilən danışığın səs yazısı yayılıb.
Bu səs yazısı bir çox cəhətinə görə uydurmadır:
1. Təyyarənin hər hansı qəzası barədə heç bir məlumat yoxdur;
2. Pilotlar Mahaçqala və hətta Minvoda uçmağı düşünürlər, onlara hər iki aeroportda havanın yaxşı olduğu deyilir, buna baxmayaraq, pilotlar ora uçmur;
3. Pilotlar Bakıya qayıtmaq qərarı verdiklərini deyirlər, ancaq nədənsə icra etmirlər;
4. Hər iki GPS-in sıradan çıxdığı bildirilir, ancaq Bakıya istiqamət üçün koordinat istəmirlər;
5. Pilotlar yalnız “göydə avara qaldıqdan” sonra quş sürüsü ilə toqquşduqlarını bildirirlər və s.
Qurama “səs yazısı”na oxşayır – halbuki Qroznıya enən ərəfədə partlayış olduğu və təyyarənin zədələndiyini sağ qalan sərnişinlər təsdiqləyir.
Hadisə necə ola bilər?
Ən güclü ehtimal budur: təyyarə zədələndikdən sonra:
1. Eniş üçün yardım istəyib, ancaq PUA-lara qarşı savaşda olan aeroport heyəti xilasedicilər çağırmaq və təyyarəni qəbul etmək imkanı olmadığından, tələbi rədd edib;
2. Yaxınlıqdakı Mahaçqala və digər hava limanlarında da eyni hal yaşanıb, PUA hücumu və yaxud həyəcanı elan edilib, buna görə aeroportlar qəza enişinə hazır olmayıblar;
3. Sərnişin təyyarəsini Xəzərə tərəf yönəltməklə, atışma sahəsindən çıxarıblar.
Təyyarə niyə Bakıya qayıtmayıb, Aktauya uçub?
1. Təyyarənin Bakıya qayıtması üçün olan məsafə Aktauya uçmaq məsafəsindən daha uzundur. Çünki təyyarə Xəzər üzərinə keçməyə məcbur olarkən Aktauya məsafə bir az da yaxınlaşmış olub. Mümkündür ki, pilotlar ona görə Aktaunu seçib;
2. Aktau hava limanın yaxınlığında enmək üçün “yumşaq yer” və yaxud dəniz sahili imkanı daha məqbul görünüb.
Dəqiq olan odur ki, pilotlar hava gəmisini xilas etmək üçün hər şey ediblər: GPS sıradan çıxıb, “kor uçuş” başlayıb, eniş üçün təyyarənin müvazinətini düzəltmək mümkün olmayıb və bu halda hava limanına, beton yola enmək partlayış baxımından daha təhlükəli sayılıb.
Güclü ehtimaldır ki, təyyarə Aktau üzərində iki dəfə, “8” işarəsi ilə dövrə vurandan sonra sahilə yaxın suya və ya sahilə enmək qərarı verib. Ancaq müvazinətini saxlaya bilmədiyindən qanad üzərinə düşüb və təyyarə çevrilib, zərbə isə partlayışa səbəb olub.
Quş sürüsü ilə toqquşma ona görə daha az ehtimaldır ki, təyyarə mühərriklərin sıradan çıxması halında 2 saat havada qala bilməzdi. Əgər bir mühərriki sıradan çıxsaydı, onda eniş etmək üçün problem də olmayacaqdı.
Böyük ehtimalla, bütün sistemin sıradan çıxmasının səbəbi PUA-lara qarşı radioelektron sistem hücumuna məruz qalması və yaxud zədə səbəbidir.
Bütün ehtimallar isə pilotların və ekipajın son dərəcə peşəkarlığını təsdiqləyir. Yalnız çox böyük peşəkarlıq nəticəsində göyərtədə olanlardan yarısına yaxınının sağ qalması təmin edilib.
- Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq
- Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?
- Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...
- Təyyarə qəzası necə baş verib? - Detallar
- Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
- “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
- Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı
- AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili