Donald Trampın gələcək hakimiyyətinə dair proqram çıxışında ekspansionist bəyanatlara yer verməsi dünya tərəfindən birmənalı qarşılanmır. Səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq Tramp artıq indidən nəinki ABŞ-ın rəqiblərini, hətta bəzi dostlarını da hədələməyə başlayıb. Onun Baş nazir Castin Trüdö ilə görüşündə Kanadanın faktiki olaraq Amerikanın 51-ci ştatı olduğunu deməsi əvvəl zarafat kimi qəbul olunsa da, iddia günlər keçdikcə daha real görüntü alır. Respublikaçı prezident Kanadanın Vaşinqtondan hər il 150, Meksikanın isə 300 milyard dollar dotasiya aldığını əsas gətirərək, hər iki ölkənin ABŞ-ın tərkibinə daxil olmasını təklif edib. Trampın siyahısı bu ölkələrlə bitmir, sırada Venesuela, Panama, Danimarkanın bir hissəsi olan Qrenlandiya da var...
Ədavət Panaması
Tramp bir vaxtlar ABŞ-a məxsus olan Panama kanalının eks-prezident Cimmi Karter tərəfindən eyniadlı ölkəyə güzəştə gedilməsini sərt tənqid edir və qarşıdakı illərdə bu “səhv”i düzəldəcəyini bildirir. Bu günün özündə də kanaldan ən çox istifadə edən Amerika və onun şirkətləridir. Trampın kanalı hüquqi baxımdan ABŞ-a necə qaytaracağı məlum olmasa da, ehtimal edilir ki, o, ABŞ gəmilərinə qarşı tətbiq edilən qiymət siyasətindən narazıdır.
Kanal mövzusu o qədər ciddi qəbul olunub ki, Trampın oğlu X sosial şəbəkəsindəki profilində atasının smartfonunda “Amazon”dan bazarlıq etdiyini göstərən şəkil paylaşıb və belə bir tvit atıb: “Zənbildəkilər Kanada, Panama və Qrenlandiyadır”.
Bir neçə gün öncə Tramp xarici siyasət üzrə müşavir vəzifəsinə dostu Riçard Qrenneli təyin edərkən onun Venesuela ilə münasibətlərin tənzimlənməsi ilə məşğul olacağını bildirib. Venesuela Latın Amerikası coğrafiyasında ABŞ-ın əsas başağrısıdır. İndi onun Panamaya da barmaq silkələməsindən belə aydın olur ki, Tramp administrasiyasının ən fəal xarici siyasət istiqamətlərindən biri məhz Mərkəzi və Cənubi Amerika olacaq. Panamanın hazırki lideri Xose Raul Mulino Trampdan qorxmadıqlarını desə də, ciddi riskə getdiyini özü də anlayır.
Kovboy diplomatiyası
1968-81-ci illərdə Panamaya rəhbərlik etmiş Omar Torrixos Vaşinqtonda ən arzuedilməz dövlət liderlərindən biri idi. Xalq tərəfindən sevilən və dəstəklənən general xarici siyasətdə ABŞ-dan maksimum uzaqlaşma kursunu yürütsə də, Latın Amerikasının ənənəvi solçu liderləri, məsələn, Fidel Kastro kimi aşkar sovetyünömlü siyasətdən çəkinirdi. Hakimiyyətdə olduğu dövrdə O.Torrixosun bir nömrəli hədəfi Panama kanalını ABŞ-ın nəzarətindən çıxararaq milliləşdirmək idi. O, Amerikanın ovaxtkı lideri Cimmi Karterlə uzun danışıqlardan sonra məqsədinə nail olur və Vaşinqtonun kanal üzərindəki monopoliyasına son qoya bilir. Bu geosiyasi nailiyyət Torrixosa həyatı, Karterə də hakimiyyəti bahasına başa gəlib.
1979-81-ci illərdə qonşu Ekvadorda hakimiyyətdə olmuş Prezident Xayme Roldos ABŞ-da sevilməyən dövlət başçısı idi. ABŞ şirkətlərini zəngin neft yataqlarının kəşfiyyatı və istismarından kənarlaşdıran X.Roldos öz xalqının kumirinə çevrilmişdi. 24 may 1981-ci ildə X.Roldos, iki ay sonra - 31 iyulda isə O.Torrixos müəmmalı şəkildə təyyarə qəzasında həlak olublar. Hər iki hadisə ilə bağlı indiyə qədər səhih məlumat verilməsə də, həlak olan liderlərin yaxın ətrafı və ailə üzvləri bu qəzalarda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini günahlandırırlar.
1980-ci ilin seçkilərində C.Karteri məğlub edib prezident seçilən Ronald Reyqan sələfindən fərqli olaraq Latın Amerikası ölkələrinin müstəqil liderlərinə qarşı sərt və amansız siyasətin tərəfdarı idi. “Bruklin kovboyu” filminin baş qəhrəmanı Reyqanın hakimiyyətində təmsil olunan Corc Buş və Dik Çeyninin neft korporasiyaları ilə sıx münasibətləri bu siyasətin formalaşmasında prioritet rol oynayırdı. Çeyni illər sonra kiçik Buşun prezidentliyi dövründə vitse-prezident oldu və Vaşinqtonun Yaxın Şərq ekspansiyasının aparıcı simalarından birinə çevrildi. Həm X.Roldosun, həm də C.Torrixosun ölümü Reyqanın hakimiyyətinin birinci ilində, hətta ilk altı ayında baş vermişdi. Bu dəyişikliklər ABŞ-ın böyük korporasiyaları və neft nəhənglərinin Ekvadora və Panamaya yenidən ayaq açmalarını təmin etdi. Odur ki, Torrixosla Roldosun aqibətini Mulinonun da yaşaya biləcəyini heç kim istisna etmir.
Neoekspansionizm
Trampın atacağı ilk addımlardan biri Şimali Amerikanın ən hündür dağı olan Denalinin adını dəyişdirmək olacaq. Onun bu niyyəti heç bir coğrafi amillə bağlı deyil, sırf geosiyasətdən doğan planın bir parçasıdır. Məsələ burasındadır ki, 1896-2015-ci ildə Denali dağının rəsmi adı Makkinli olub. ABŞ-ın 25-ci prezidenti Uilyam Makkinli XIX əsrin sonu – XX əsrin əvvəllərində Amerika ekspansionizminin təşəbbüskarı və memarı hesab edilir. Obama Makkinli adının xarici espansionizmin simvolu olduğundan çıxış edərək dağa əski adını – Denalini qaytarıb. İndi isə Tramp bu qərarı dəyişib dağa yenidən Makkinli adını vermək istəyir. Bu, ABŞ-ın daxili müzakirə predmeti olmaqdan daha çox geosiyasi əhəmiyyət daşıyan niyyətdir.
Panamanın dövlət olaraq adının maraqlı tarixçəsi var. Çoxları elə bilir ki, bu ölkə burada panama satıldığına görə belə ad alıb. Əslində isə həsirdən hazırlanan panama qonşu Ekvadorun məhsuludur. Sadəcə kanalın tikintisi ilə bağlı indiki Panamaya çox sayda amerikalı gəldiyindən, ekvadorlu tacirlər bu baş geyimini gətirib burada satırdılar. Elə bu da ölkənin gələcəkdə Panama adlandırılmasında əsas səbəb rolunu oynayıb.
Bu gün Ekvador tamamilə ABŞ-ın çətiri altındadır. Ölkədə hasil edilən neftdən gələn gəlirin 75 faizi Amerikaya və onun böyük şirkətlərinə olan kreditlərin ödənməsinə sərf edilir. Neftlə zəngin digər bölgə dövləti – Venesuela Tramp hakimiyyətinin prioritet xarici siyasət istiqaməti elan edilib. Yaxın illərdə həm onların, həm də Panamanın aqibəti ürəkaçan olmayacaq. İndi Torrixoslarla Roldoslar nə gəzir?
- Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq
- Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?
- Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...
- Təyyarə qəzası necə baş verib? - Detallar
- Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
- “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
- Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı
- AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili