COP29 çərçivəsində Bakıda “Bakı resurs səmərəliliyi və dairəvi gündəlik üzrə Bəyannamə” və “İƏT regionunda resursların davamlılığı və dairəvi iqtisadiyyat üzrə regional təşəbbüsün başlanmasına dair Birgə Bəyanat” qəbul edilib.
İqtisadiyyat Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşü təşkil edilib. Tədbir BMT-nin Ətraf Mühit Proqramının regional ofisinin və İqlim Dəyişikliyi Bölməsinin direktoru Deçen Tserinqin moderatorluğu ilə keçirilib.
Dairəvi iqtisadiyyat resurslara qənaət etmək üçün nəzərdə tutulmuş regenerativ iqtisadi modeldir. Bu model iqlim dəyişilməsi, çirklənmə və biomüxtəlifliyin tükənməsi kimi böhranları aradan qaldırmaq üçün həllər təklif edir.
“Dairəvi iqtisadiyyata keçid üçün regionlararası tərəfdaşlığın gücləndirilməsi: resurs səmərəliliyi vasitəsilə iqlimə dayanıqlı və davamlı gələcəyə doğru” mövzusunda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İƏT-in üzv ölkələrin iqtisadi əməkdaşlığının inkişafında mühüm rolunu vurğulayıb.
Bildirilib ki, böyük iqtisadi resurslara malik İƏT regionu davamlı inkişafın təşviqində liderlik üçün unikal mövqeyə malikdir. İƏT enerji təhlükəsizliyindən tutmuş, ekoloji davamlılığa qədər kritik problemlərin həlli üçün önəmli platformadır.
Qeyd olunub ki, qurumun dairəvi iqtisadiyyatın təşviqində mühüm təşəbbüsləri var. Diqqətə çatdırılıb ki, tədbirdə qəbul ediləcək “Bakı resurs səmərəliliyi və dairəvi gündəlik üzrə Bəyannamə” resurs səmərəliliyinə dair kollektiv öhdəliyi əks etdirən mühüm sənəddir. Bəyannamə dairəvi iqtisadiyyata qlobal keçid prosesində İƏT regionunun öncül mövqedə olmasına şərait yaradacaq. Daha bir sənəd isə “İƏT regionunda resursların davamlılığı və dairəvi iqtisadiyyat üzrə regional təşəbbüsün başlanmasına dair Birgə Bəyanat”dır. Bu təşəbbüs dairəvi iqtisadiyyata ədalətli keçidi təmin etməyə həsr olunmuş regional əməkdaşlıq platforması yaratmaq məqsədi daşıyır. Bununla üzv dövlətlər və beynəlxalq tərəfdaşlar innovasiyaları təşviq edən və iqlimə davamlılığı artıran birgə fəaliyyətlərə cəlb ediləcək.
Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Xan, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiya Alişabana, BMT baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Andersen dairəvi iqtisadiyyatın inkişafı üçün lazım gələn şərtlər, ölkələrin birgə təşəbbüsləri, beynəlxalq əməkdaşlığın bu yöndə gücləndirilməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.
Həmçinin sənədlərin təqdimatı keçirilib, müzakirələr aparılıb.
- Müəllimlərin maaşı artdı
- Azərbaycanlı qadın Türkiyədə güllələndi - VİDEO
- Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Ermənistan daha 78 ədəd ATAGS alır - Təcili
- Millət vəkilindən mühüm: Maaşlar daha çox arta bilər
- “Bu halda məğlub olacağıq” - Zelenski
- Rusiyanın qarşısıalınmaz raketi: 10 dəqiqəyə Kiyevə çatır!
- Antonio Quterreş Bakı gəldi