Sentyabrın 2-də Ermənistanda radikal-revanşist və separatçı ünsürlər uydurma “artsax günü”nü qeyd ediblər. “Qara gün”lə bağlı kapitulyant ölkədə Azərbaycan dövləti əleyhinə sərsəm çağırışlar və hədyanlar xeyli artıb.
Əfsuslar olsun ki, Nikol Paşinyan hökuməti də ikiüzlülük göstərərək, bu qəbil özbaşınalıqlara göz yummaqdadır. İrəvanda hələ də qondarma “dqr nümayəndəliyi”nin mövcudluğu və dünən orada “artsaxın yaranması günü” adı altında tədbir keçirilməsinə şərait yaradılması dediklərimizə sübutdur. Bu da radikalların əl-qolunu daha da açır və onları ruhlandırır. Əlavə olaraq, Paşinyanın son mətbuat konfransındakı açıqlamaları, o sırada Azərbaycan əleyhinə əsassız iddiaları revanşistlərə verilən “pas” kimi qiymətləndirilə bilər.
“Mən sentyabrın 2-də hamınızı "artsax respublikasının nümayəndəliyi"nə baş çəkməyə çağırıram. Ümid edirəm ki, "artsax" bir daha bizim birliyimizin qurulmasının başlanğıcı olacaq". Bunu isə İrəvandakı Beynəlxalq İnsan İnkişafı Mərkəzinin icraçı direktoru Tevan Poqosyan yazıb.
“Mən bütün dünya ermənilərinə müraciət edirəm. İstəyirəm ki, biz hamımız birlikdə illər ərzində gücə çevriləcək bir fenomen formalaşdıraq ki, "artsax" məsələsini aktual saxlaya bilək və günlərin birində onun erməni həllini təmin edək. Biz həm özümüzə, həm də dünyaya birləşdiyimizi və "artsax" məsələsinin bağlanmadığını göstərməliyik. Bundan ötrü onilliklərlə gözləmək lazım deyil”, - deyə Poqosyan sarsaqlayıb.
Bu, əslində Azərbaycana qarşı yeni müharibə çağırışıdır. Bəs erməni cəmiyyəti yenə də avantüristlərin ardınca gedəcəkmi? Ümumiyyətlə, bu xalq müharibə istəyirmi? Artıq tarixin zibilliyinə gömülmüş “Artsax məsələsi”ni gündəmə süni daşımaq cəhdləri Ermənistan-Azərbaycan sülh danışıqlarına necə təsir edəcək?
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən həftəsonu Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib ki, Ermənistan qəsdən vaxt uzadır və Fransadan, digər Qərb ölkələrindən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. Azərbaycanın bölgədə davamlı sülhün tərəfdarı olduğunu söyləyən dövlət başçısı həmçinin bildirib: “Bunun üçün dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və konstitusiya dəyişdirilməlidir”.
Prezident habelə vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. O, Minsk Qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: “Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk Qrupunun saxlanmasına nə ehtiyac var? Görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda müəyyən siyasi elementlər və siyasi qüvvələr “artsax” adı altında siyasi, maddi dividentlər əldə etmək, hakimiyyətə gəlmək arzusundadır: "Onları dəstəkləyən qeyri-hökumət təşkilatları da var. Bunların içərisində Beynəlxalq İnsan İnkişafı Mərkəzi adlı qurum canfəşanlıq edir. Həmin təşkilatın rəhbəri Tevan Poqosyanın müraciəti Ermənistanın Azərbaycanla apardığı sülh danışıqlarına tamamilə ziddir. Tevan Poqosyan kimdir ki, dünya ictimaiyyətinə və ermənilərinə müraciət edir?! Minlərlə QHT-dən biri olan təşkilatın rəhbərinin dünya ictimaiyyətinə müraciəti əslində həmin şəxsə qarşı ironiya yaradır. Kiçik dar çərçivədən kənarda onu dinləyən yoxdur. Amma bununla bərabər narahatedici məqam odur ki, Ermənistan bir tərəfdən gələcəkdə konstitusiya dəyişikliyinə hazırlaşdığını elan edir, Azərbaycana qarşı ərazi iddialarının ana qanundan çıxarılacağını qeyd edir, paralel olaraq da öz ərazisində "artsax" oyunlarına, tədbirlərin keçirilməsinə, pozucu çağırışların edilməsinə şərait yaradır. Hansısa təşkilatlar və şəxslər çəkinmədən “artsaxın yaradılması tədbiri” keçirirsə, müraciətlər yayırsa, deməli, onları siyasi hakimiyyətdə dəstəkləyən qüvvələr də var. Ermənistan hakimiyyəti özünün ürəyindən keçənləri xırda QHT-lərin, Tevan Poqosyan kimi şəxlərin dili ilə nümayiş etdirir. Bununla da xislətlərindən əl çəkmədiklərini ortaya qoymuş olurlar. O cür çağırışlar və qondarma “artsax tədbirləri” Azərbaycanı nədənsə çəkindirə və Ermənistan dövlətinə heç bir fayda gətirə bilməyəcək. Ermənistanda “artsax”ın dirildilməsi çağırışları sülhə deyil, müharibəyə xidmət edir".
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı
- Dudadan Bakını qəzəbləndirəcək açıqlama
- Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilər - Foto
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!