Agentlik vətəndaşa xəstə qoyunlar verib?

18:04 - 28 Avqust 2024 - GÜNDƏM

 Agentlik vətəndaşa xəstə qoyunlar verib?

Dövlət Məşğulluq Agentliyi sosial şəbəkələrdə Bərdə rayon sakini İmamqulu Eldar oğlu Ağayevin Agentlik tərəfindən verilən 21 baş qoyunun xəstə olması, artıq bir neçəsinin isə tələf olması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Qeyd edilib ki, sözügedən şəxs bir ay öncə “Qoyunçuluq təsərrüfatı” zərfi üzrə aktivlər verilərkən heyvanların sayından və keyfiyyətindən narazı olmadığını yazılı şəkildə bildirib:

“Özünüməşğulluq proqramı üzrə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Bərdə rayon sakini İmamqulu Ağayev avqustun 5-də Qarabağ DOST Mərkəzinə yaxınlaşaraq heyvanlardan birinin öldüyünü bildirib və fotolar təqdim edib. Vətəndaşla maarifləndirici söhbət aparılıb və tələfolma ilə bağlı zəruri sənədləri, ölüm aktı, yarma protokolu, laboratoriya analizinin cavabı və fotoşəkilləri toplamaq tövsiyə olunub".

"Avqustun 23-də isə vətəndaş təkrar müraciət edərək Qida Təhlükəsizliyi Agentliyinin baytarının tərtib etdiyi aktı təqdim edib. Aktda qeyd olunub ki, heyvanlar 10 gündən çoxdur tələf olub. Buna görə də ölüm səbəbini araşdırmaq üçün yarma və hər hansı analiz götürmək mümkün olmayıb. Eyni zamanda, sənəddə tələf olmuş heyvanın qulağında "birka" olmadığı bildirilir ki, bu səbəbdən onun özünüməşğulluq proqramı üzrə verilmiş aktivlərə aid olmasının müəyyən edilməsi də mümkün deyil. Beləliklə, vətəndaşın təqdim etdiyi sənədlər natamam olduğu üçün ölən heyvanın əvəzinə yenisinin təqdim edilməsi mümkün olmayıb”, - məlumatda bildirilib.

Xatırladaq ki, Bərdə rayon sakini İmamqulu Ağayevə iyulun 25-də Dövlət Məşğulluq Agentliyi tərəfindən 21 baş qoyun verilib. Onun iddialarına görə, heyvanların bir neçəsi xəstələnərək tələf olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol