Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə BUTA.TV-a nazirlikdən bildirilib.
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - müraciətdə qeyd olunub.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video