"Yol hərəkəti haqqında" Qanuna operativ nəqliyyat vasitələrinin siyahısı ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.
BUTA.TV xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında müzakirə olunub.
Belə ki, sözügedən redaksiya yenilənir.
Sənədə əsasən, operativ nəqliyyat vasitələri aşağıdakılardır:
"Yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin həyata keçirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası, poçt rabitəsinin milli operatoruna məxsus olan və poçtun daşınmasında istifadə edilməsi, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər".
Mövcud qanunvericilikdə isə siyahı aşağıdakı kimidir:
"Yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq siqnalları ilə təchiz edilmiş avtomobillər".
Bildirilir ki, dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir. Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.
Sənəddə vurğulanır ki, qeyd olunan dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi
- Bu xidmət Mədəniyyət Nazirliyinin əlindən alınır
- Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə - Video