Azərbaycan Ağdam-Xankəndi marşrutu açıldığı halda Laçın yolundan da yüklərin daşınmasına icazə verəcək: postdan mülki əhali ilə yanaşı, yüklər də keçəcək və hər iki marşrut – Ağdam və Laçın paralel şəkildə işləyəcək.
Bu məsələ müəyyən suallar yaradır, xüsusilə Bakı niyə buna razılaşır, ümumiyyətlə buna ehtiyac varmı?
Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq haqqına sahibdir, lakin mövcud reallıqda nəticə əldə etməyin yolu müəyyən gedişlərin edilməsini də tələb edir. Və bu, Ağdam yolunu işlək vəziyyətə salmaq üçün Laçın yolundan yüklərin buraxılmasına razılaşmaqdan ibarətdir.
Xankəndiyə yüklərin Ağdam marşrutundan daşınmasını praktiki olaraq iki qüvvə həyata keçirə bilər: biri Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK), digəri Rusiya sülhməramlıları; BQXK bunu etməkdən imtina edir, hərçənd, rusların bölgədəki rolu fonunda istəsə belə nəticə əldə etməsi çətin görünür.
Mövcud vəziyyətdə Ağdamdan Xankəndiyə yüklərin çatdırılmasını Rusiya sülhməramlıları həyata keçirə bilər. Ruslar bunun qarşılığında Bakıdan Laçın postundan da yüklərin keçidinə icazə verilməsini istəyir, çünki bu məsələ ermənilərin istəyindən daha çox, regional mübarizənin bir hissəsinə çevrilib. Fransanın timsalında bölgəyə müdaxilə etmək istəyən tərəflərin Laçın yolu ətrafındakı manevrləri də bunu deməyə əsas verir. Rusiya Laçın yolundan yüklərin keçidinə nail olarsa, başda Fransa olmaqla bölgəyə praktiki müdaxiləyə cəhd edən tərəfləri önünü kəsə biləcəyini hesab edir.
Beynəlxalq oyunçuların toqquşması fonunda Bakının qarşısında iki qüvvə var: Ağdam marşrutuna qarşı çıxan, nəinki Laçın yolundan yüklərin keçidinə, hətta “Laçın dəhlizi”nin bərpasına nail olmağa çalışan Fransa və Ağdam və Laçın yollarının paralel açılmasına razılaşan Rusiya.
Azərbaycan hədəfinə nail olmaq üçün bu qüvvədən biri ilə - Rusiya ilə razılaşır:
Birincisi, Ağdam marşrutunu işlək vəziyyətə gətirmək və yardımları Xankəndiyə çatdırmaq;
İkincisi, Fransanın praktiki mərhələdə də qarşısını almaq, oyundan uzaqlaşdırmaq;
Üçüncüsü, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq müstəvidə Azərbaycana qarşı atılacaq addımların önünü kəsmək.
Ağdam marşrutunun işə düşməsi niyə önəmlidir?
Birincisi, bunun qarşılığında Laçından da yüklərin keçidinə icazə verilsə belə, Azərbaycan məhsullarının bu marşrut üzrə daşınması Xankəndiyə praktiki olaraq daxil olmağımız deməkdir;
İkincisi, beynəlxalq müstəvidə aparılan “Qarabağda humanitar fəlakət” kampaniyası mənasızlaşacaq;
Üçüncüsü, Azərbaycan məhsullarının erməni əhalisinə çatdırılması reinteqrasiya prosesində önəmli addım olacaq;
Dördüncüsü, bu marşrutun işlək vəziyyətə gətirilməsinin ardınca BQXK-nin Xankəndidəki ofisinin İrəvan yox, Bakı nümayəndəliyinə tabe olması və erməni əhalisinin Azərbaycan xəstəxanalarında müalicə seçimi də gündəmə gələcək;
Beşincisi, Laçın sərhəd-keçid məntəqəsi bu yoldan daşınan yüklərə nəzarət və daşımalara müəyyən məhdudiyyətlərin qoyulması imkanı verir: beləliklə, əsas təminatın tədricən Ağdam yoluna transfer edilməsi perspektivi mövcuddur.
Lakin bunun üçün ilk öncə Ağdam-Xankəndi marşrutundan yüklərin keçidinə nail olmaq lazımdır. Ki, mövcud şərtlərdə Rusiyanın “Laçın yolu” istəyinə şərait yaratmaqla bunu edə bilərik. Və bu məsələyə Laçın yolunda sərhəd-keçid məntəqəmizin olduğu, Azərbaycan sərhədçiləri və gömrükçülərinin orada hər şey şeyə nəzarət etdiyi reallığı fonunda yanaşmaq lazımdır.
- Leyla Əliyeva Qəbələdə - Foto
- Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
- Hacıqabulda 500-dən çox ev su altında qaldı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Şeyx Özbəkistana gedir
- MN açıqladı: Bu sursatlar məhv ediləcək
- İcma Ermənistan prezidentinə cavab verdi
- Məhəmməd peyğəmbər ermənilərə məktub yazıb? - Foto