MM Torpaq Məcəlləsinə dəyişikliyi qəbul etdi

15:32 - 24 Fevral 2023 - GÜNDƏM

 MM Torpaq Məcəlləsinə dəyişikliyi qəbul etdi

Milli Məclis Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini III oxunuşda qəbul edib.

BUTA.TV xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, layihəyə əsasən, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürüləcək.

Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

Yay və qış otlaqları (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dəyişikliklər qəbul ediləcəyi təqdirdə torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, icarəçilərin (istifadəçilərin) rahatlığını təmin etmək üçün müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol