İrəvanın Bakının Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifindən imtinası onun sülh danışıqlarından yayınması istiqamətində ilk addımı deyil. Ermənistan ümumiyyətlə barışıq üçün addım atmaq istəmir. Baxın, delimitasiya və demarkasiyanın icrası prosesi, kommunikasiya xətlərinin açılması məsələsi məhz İrəvanın pozuculuq siyasəti ucbatından hələ də həll olunmayıb. Çünki sadalanan məsələlərin öz həllini tapması avtomatik olaraq mövcud reallıqları dəyişəcək. Əlbəttə ki, rəsmi İrəvan da bunu başa düşür. Bütün bu problemlərin həlli Ermənistanı ölkəmizə qarşı tətbiq etməyə çalışdığı təzyiq rıçaqlarından məhrum edəcək. Sözügedən ərazilərdə nəzarət-buraxılış məntəqələri açılsa, İrəvan sərbəst hərəkət edə, separatçıları dəstəkləyə bilməyəcək. Bu da erməni tərəfinin Qarabağda öz nüfuzunu azaltması kimi qiymətləndirilir. İrəvanın yanaşmasına görə, Azərbaycan-Ermənistan münasibətlərinin müsbət yöndə tənzimlənməsi onların siyasi imkanlarını daraltmış olur. Ermənistanın bu siyasəti davam etdikcə, sülh müqaviləsi istiqamətində də irəliləyiş əldə etmək mümkün olmayacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“İrəvanın bu addımları müharibəyə rəvac verir. AB-nin missiyası fəaliyyətə başlayandan İrəvan saxta məlumat yayaraq, guya Azərbaycanın atəşkəsi pozduğunu bildirib. Ermənistan belə bir təəssürat yaratmağa çalışır ki, Bakı hərbi gərginlik yaradır. Məqsədi isə regiona cəlb olunmuş AB missiyasının Azərbaycana təzyiq göstərməsidir. İrəvanın bu məsələdə əsas dayağı isə Fransadır. Paris AB üçün təsirli oyunçudur. Bu təxribatlar Cənubi Qafqazda eskalasiya ilə nəticələnə bilər.
Biz AB dedikdə yalnız bir təşkilatı yox, ayrı-ayrı ölkələrin maraqlarını nəzərə almalıyıq. Bu gün AB-nin təbii resurslara görə Bakıya təzyiq göstərməyəcəyinə dair fikirlərə birmənalı yanaşmaq düzgün olmazdı. Burada AB-nin siyasi və iqtisadi istiqamətlərinə diqqət etmək lazımdır. İqtisadi istiqamət aydındır. Hazırda baş verən geosiyasi proseslərin fonunda Avropa Birliyi Azərbaycanla əlaqə qurmaqda olduqca maraqlıdır”, - o bildirib.
Politoloq qeyd edib ki, AB-nin siyasi istiqamətinə gəlincə, başqa nüanslar da ortaya çıxır:
“Unutmayaq ki, AB Bakının istəyinə zidd olaraq öz missiyasını Ermənistana göndərdi. Azərbaycanın maraqları nəzərə alınmadı. AB ilə Azərbaycanın arasında strateji əməkdaşlıq sazişi imzalanmalıdır. Amma hələ də bu saziş ərsəyə gəlmir və uzadılır. Fransanın simasında müəyyən qüvvələr bu sənədin imzalanmasına maneə olur”.
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video