Gürcüstanın “Vahid Milli Hərəkat” partiyası ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün Tiflisdə qərargah yaradır. Görünür, CNN-in Saakaşvilinin son vəziyyəti ilə bağlı yaydığı görüntülərdən sonra “SaveMisha” aksiyalarına yeni çağırış dalğası yaranıb. Bu çağırış xüsusilə sosial şəbəkə seqmentində özünü göstərir. Təxminən il yarımdan çoxdur ki, həbsdə olan Saakaşvili üçün onlarla ölkədə aksiya keçirilir, rəsmi çağırışlar edilir. Təəssüf ki, eks-prezidentin səhhətindəki ciddi problemlərə baxmayaraq, gürcü hakimiyyəti hələ də real addım atmır. CNN-dən sonra isə Gürcüstanın Ombudsmanı nəzdində yaradılmış tibbi şuranın nevroloqu Tengiz Tsuladzenin açıqlaması Saakaşvili tərəfdarlarında güclü təşviş yaratdı. Nevroloq bildirdi ki, keçmiş gürcü liderinin vəziyyəti olduqca pisləşib: “O, daha çox arıqlayıb, ciddi əzələ kütləsi itirib”.
BUTA.TV xəbər verir ki, 195 santimetr boyu olan Saakaşvilinin hazırki çəkisi 67 kiloqramdır.
Onun qardaşı David Saakaşvili də ailəsinin Mixailin ölüm ayağında olduğuna, hətta demək olar ki, öldüyünə inanır:
“Mixailin vəziyyətinin ağır olduğunu həm avropalı, həm də amerikalı həkimlər təsdiqləyiblər. Bu yaxınlarda mediada onun yataqdan qalxmağa çalışarkən yıxıldığını əks etdirən görüntülər yayılıb. Əvvəllər Mişanın çəkisi təxminən 125 kiloqram idi, indi 67-dir. Onun bir çox təhlükəli diaqnozu var: kaxeksiya, anoreksiya və s. Mixailin xəstəliklərini Gürcüstanda müalicə etmək mümkün deyil, onu qəbul etməyə hazır olan Avropa və ya ABŞ-da ixtisaslaşmış klinikaya köçürmək lazımdır. O zaman Mişanı sağaltmağa vaxtımız olacaq. Amma qardaşım hazırki xəstəxanadan köçürülməsə, tam məsuliyyətlə deyə bilərəm ki, ona ölüm təhlükəsi var”.
Saakaşviliyə vaxtaşırı baş çəkən Gürcüstan Patriarxlığının nümayəndəsi mitropolit Nikoloz Paçuaşvili də onun ölə biləcəyi ilə razılaşır:
“Mən heç vaxt insanları belə vəziyyətdə görməmişdim, bunun mümkün olduğunu təsəvvür edə bilməzdim. Onun artıq əzələləri boşalıb, çətinliklə danışır. Özü deyirdi ki, heç vaxt bu qədər pis olmayıb. Qarnında da ağrılar var. Çox xəstədir, dərhal azad edilməlidir. Belə davam etsə, bu adam öləcək. Hakimiyyətə üz tutmuram və bütün məsuliyyəti onların üzərinə atmağı düzgün hesab etmirəm. Gürcüstanın sakinlərinə müraciət edirəm və deyirəm ki, indi hər şey bizdən asılıdır. Saakaşvilinin sonu onun bu halı ilə razılaşan hər kəsin vicdanı üzərində qalacaq”.
“SaveMisha” aksiyasının ideya müəllifi, rusiyalı hüquq müdafiəçisi Mark Feyqin də Tiflis hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib:
“Saakaşvili azad edilməsə, Tiflisin Avropa perspektivlərinə kölgə düşə bilər. Hətta Gürcüstanın AB üzvlüyünə namizədliyi üçün “yol xəritəsi”nin təqdim edilməsi prosesi dondurula bilər”.
Saakaşvilinin partiyası son vaxtlar partiyadaxili seçki və islahatlarla məşğul olduğundan, bəzən Mişa üçün aksiyaları ikinci plana salıb. Bu ərəfədə onun üçün durmadan çağırış edən Mark Feyqin olduğundan aksiyalar bəzən “Feyqinin hərəkatlərı” adlandırılır.
Gürcü mediasının yazdığına görə, ölkə vətəndaşlarının ən azı 80%-i uzun illərdir ki, Tiflisin AB-yə üzv olmasını istəyir. Avropaya inteqrasiya ölkənin hədəfi kimi hətta Gürcüstanın konstitusiyasında da qeyd olunub.
Deməli, “yatırım” daima artır: Saakaşvilinin həyatı, Gürcüstan hökumətinin isə Avropa perspektivləri təhlükəyə atılır.
Ötən həftələrdə Avropa Parlamenti Saakaşviliyə dair qətnamə qəbul edib. Sənədi dəstəkləyən 577 deputat Gürcüstanı Saakaşviliyə xaricdə müalicə almaq imkanı verməyə, hazırkı prezident Zurabişvilyə isə konstitusion hüququndan istifadə edib, Mixaili əfv etməyə çağırıb.
Maraqlıdır, rəsmi Tiflis Saakaşvilinin ölümünə göz yummaqla, AB namizədliyinə kölgə salmağa davam edəcəkmi?
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov