Manaf Cəlilzadəyə hökm oxundu

17:14 - 4 Mart 2026 - GÜNDƏM

 Manaf Cəlilzadəyə hökm oxundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, Manaf Cəlilzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

O, fevralın 17-si 2019-cu il tarixində Süleyman Süleymanlı, Tofiq Mehmanov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə bürosu yaxınlığında ictimai yerdə Mehman Məmmədov və digərlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlarını əvvəlcədən razılaşdırılmış formada video lentə alıb, “Youtube” platformasında “Diktator TV” adlı kanalında canlı yerləşdirərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib. Daha sonra 19 yanvar 2023-cü ildən 17 iyun 2025-ci il tarixinədək hazırladığı 19 müxtəlif video-müraciətlə ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarını iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir etməyə çalışan açıq çağırışlar yayıb.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol