“Bu kadrların yerdəyişməsini yalnız islahat kimi qiymətləndirmək düzgün deyil. İndiki halda Fövqəladə Hallar Nazirliyi heç bir rəsmi bəyanat, açıqlama verməyib. Birdən-birə 3 müavinin işdən çıxarılması adi hal deyil”.
Bu sözləri “Yeni Sabah”a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, işdən çıxarılan generalların Ramiz Mehdiyevlə əlaqəsinin olması istisna deyil:
“Ola bilsin ki, nazirlikdə yeni kadr dəyişikliklərinin həyata keçirilməsi zərurəti yaranıb. Digər bir məsələ isə son zamanlar Ramiz Mehdiyevin adı hallandırılan dövlət çevrilişi cəhdində hərbçilərin, güc strukturlarının vəzifəli şəxslərinin iştirakı ilə bağlıdır. Çünki hər hansı bir çevrilişi hərbçilərsiz həyata keçirmək mümkün deyil. Bu kontekstdən baxmaq lazımdır ki, işdən çıxarılan müavinlərin həmin məsələ ilə hər hansı əlaqəsi var, ya yox”.
Siyasətçi qeyd edib ki, sabiq müavinlərin Ramiz Mehdiyevlə əlaqəsi sübut olunarsa, Kəmaləddin Heydərovun imicinə ciddi zərbə dəyə bilər:
“Əslində, hakimiyyətdə olan bütün yüksək rütbəli şəxslər bir-birinin qohumudur. Bu baxımdan, belə kütləvi təmizləmələri klanlararası mübarizənin bir təzahürü kimi də dəyərləndirilə bilər. Amma bütövlükdə nazirliyinin özü gərək bu məsələ ilə bağlı rəsmi məlumat versin.
Ehtimalıma görə, əgər sabiq müavinlərin Ramiz Mehdiyevlə əlaqəsinin olması sübut olunarsa, bu, Kəmaləddin Heydərovun nüfuzuna ciddi zərbə vuracaq. Ola bilsin ki, onun özü ilə bağlı da müəyyən qərarlar verilsin”.
Xatırlatma: fevralın 14-də fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarılması barədə məlumat yayılıb. Müvafiq əmrlə general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Onların hansı səbəbə görə işdən çıxarıldığı bəlli deyil.