Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı

Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı

Tarix: Siyasət

Fevralın 11-dən başlayaraq Zəngilan rayonunun Məmmədbəyli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əkin məqsədilə istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az portalı üzərindən müraciətlərin qəbuluna start verilir. Məmmədbəyli kəndində məskunlaşmış sakinlər üçün nəzərdə tutulan bu proses martın 13-ü günün sonuna qədər davam edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.

Qeyd olunub ki, Məmmədbəyli kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaqların əkinçilik üçün istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndinə və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na uyğun olaraq icra ediləcək

İstifadəyə verilən torpaq sahələri minimum 5 hektar olmaqla, suvarılan və əkin üçün tam hazır vəziyyətə gətirilmiş, kəndin yaxınlığında yerləşən ərazilərdir. Məmmədbəyli kəndində müxtəlif birillik və çoxillik bitkilərin - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, tərəvəzlərdən pomidor, xiyar, badımcan, bibər, soğan, kök, kələm, mətbəx çuğunduru, lobya, həmçinin qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, süfrə üzümü, tütün, şəkər çuğunduru, dənli bitkilərdən buğda, arpa, qarğıdalı və yem bitkilərindən yonca, xaşa, ot qarışıqlarının əkilməsi planlaşdırılır. Əkin aparılacaq sahələrdə müasir damlama və çiləmə suvarma sistemlərinin mövcudluğu tələb olunur.

Məmmədbəyli kəndinə köçən sakinlər torpaqlardan güzəştli şərtlərlə istifadə etmək məqsədilə aşağıdakı qaydada müraciət edə bilərlər:

EKTİS sistemində qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetini yaratmaq)

Elektron kabinetin "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" və ardınca "Məmmədbəyli" seçimi edərək ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsindəki qeydiyyat yerindən asılı olmayaraq, faktiki yaşayış yerinin Məmmədbəyli kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqi vasitəsilə təsdiqləmək.

Məlumat üçün bildirək ki, müraciət edən şəxslərlə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində göstərilməsi prosesi 2026-cı ilin Aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik əkmələr üçün isə 5 il təşkil edəcək və istifadənin nəticələrinə uyğun olaraq müddət uzadılacaq.