Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə Kamran Əsədovun təqdim etdiyi vəsatətə baxılıb.
Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Qeyd edib ki, azyaşlı övladlarından biri autizim xəstəsidir, həyat yoldaşı isə şəkərli diabetdən əziyyət çəkir.
Məhkəmə vəsatəti təmin etməyib.
Proses şahidlərin dindirilməsi ilə davam edib. Şahid Şəfəq Əzizova ifadəsində bildirib ki, Kamran Əsədovla ailəvi dostu vasitəsilə tanış olub. Kamran Əsədov onu Gündüz Abbasova yönləndirib. Qadın övladının Kooperasiya Universitetinə qəbul olunması üçün 15 min manat verib. Lakin həyat yoldaşının təsiri ilə çiyin və qulağa taxılması üçün nəzərdə tutulan texniki vasitələri Kamran Əsədova qaytarıb və verdiyi məbləği geri alıb.
Növbəti şahid Fuad Qurbanov ifadəsində bildirib ki, Gündüz Abbasovu yox, Kamran Əsədovu tanıyıb. Ailəvi dostu olan Şəfəq Əzizovanın Kamran Əsədova nə qədər pul verdiyindən xəbəri olmayıb. Amma pulu verib, geri aldığını bilib.
Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İttihama görə, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.