İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

Tarix: Siyasət

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb. Qeyd edilib ki, 2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2 milyon 109,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalıb.

Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,5 faizi kişilər, 36,5 faizi isə qadınlardır.

BUTA.TV xəbər verir ki, deputat Ceyhun Məmmədov Musavat.com-a müsahibəsində açıqlanan rəqəmlərin ciddi rəqəmlər olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu gün təyyarə vasitəsilə İrana səfər edənlər çoxdur:

“Vətəndaşların bir qismi Gürcüstana, oradan da Türkiyə vasitəsilə İrana səfər etməyə davam edirlər. Səfər edənlər arasında müalicə üçün gedənlər azlıq təşkil edir. Əvvəlki illərlə müqayisədə sırf müalicə məqsədilə İrana gedənlərin sayı o qədər də çox deyil. Hesab edirəm ki, statistikada Kərbəla ziyarətinə gedənlər üstünlük təşkil edir. Quru sərhədlər bağlı olsa da, İrana ziyarətə gedənlərin bir qismi səyahəti öz hesabına, bir qismi isə müəyyən xeyriyyə təşkilatlarının vasitəsilə həyata keçirir. Fikrimcə, statistika ciddi təhlil olunmalıdır”.