ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Davosda yaradılan Sülh Şurasına Azərbaycan Prezidentinin təsisçi üzv qismində dəvət olunması ölkəmizə olan yüksək beynəlxalq etimadın bariz nümunəsidir. Azərbaycanın son 5 ildə regionda yaratdığı yeni geosiyasi reallıqlar və beynəlxalq siyasətdə artan fəallığı bu dəvətin əsas səbəblərindəndir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Oqtay Qasımov Davosda Sülh Şurasının yaradılması və Azərbaycanın bu platformada iştirakı barədə danışarkən deyib.
Politoloq vurğulayıb ki, Azərbaycanın xüsusilə Qəzza ilə bağlı yaradılan Sülh Şurasında iştirakı ölkənin beynəlxalq nüfuzunun daha da artmasına ciddi töhfə verəcək.
Ekspertin sözlərinə görə, Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasəti, qazandığı vasitəçilik statusu, eləcə də geostrateji mövqeyi və proqnozlaşdırıla bilən etibarlı tərəfdaş olması bu platformada iştirakını zəruri və məntiqli edir. O hesab edir ki, Sülh Şurasında iştirak gələcəkdə Azərbaycana həm siyasi, həm də diplomatik baxımdan ciddi müsbət dividendlər gətirə bilər.
Politoloq əlavə edib ki, bu platformada Azərbaycanın ən yaxın dost və müttəfiqləri olan Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Macarıstanın da təsisçi üzv kimi iştirakı xüsusi əhəmiyyət daşıyır:
“Bu isə Türk Dövlətlər Təşkilatına üzv ölkələrin və strateji tərəfdaşların beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etdiyini göstərir və təşkilatın vahid gücə çevrilməsi istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilə bilər.
Sülh Şurasında iştirak Azərbaycanın indiyədək qazandığı vasitəçilik və moderatorluq təcrübəsinin daha da artmasına, ölkənin bu istiqamətdə rolunun güclənməsinə mühüm təkan verəcək”.