“Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar

“Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar

Tarix: Siyasət

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasından şikayətçidir.

“BUTA TV” xəbər verir ki, o, adıçəkilən xəstəxanada pis rəftarla üzləşdiyini bildirib. N.Köçərili sosial şəbəkə hesabında yazıb:

“Bu yazını heç zaman yazmaq istəməzdim. Amma sussam, özümü heç vaxt bağışlamayacağam.

Cəhənnəm quyusundayam… Keçirdiyim şokdan sonra nə vaxt toparlana biləcəyimi hələ də bilmirəm.

Yanvarın 14-də, səhər saat 7-də “Liv Bona Dea” xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətimdə gördüm.

Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, - dedim.

Əvvəl bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” deyə qışqırdım.

Sonra yenə yalvardım: “Xahiş edirəm, əlavə anesteziya edin”. Bir anlıq fikirləşdim ki, bəlkə məni ciddi qəbul etmirlər, dedim: “Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm”. Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. “Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin”, – deyə əlavə etdim”.

N.Köçərlinin sözlərinə görə, dəfələrlə yalvarmasına baxmayaraq, həkimlər ona reaksiya verməyib:

“Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. “Təbii ki, xahiş edirəm, edin”, – dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz amma heç olmasa dodaqlarımı islada bilərdilər…

Nəhayət, anesteziya üçün kimsə yaxınlaşıb çevrilməyimi istədi. Amma onlar da başa düşmürdülər ki, mən tərpənmək gücündə deyiləm, bədənimdə ağrıdan başqa heç bir hissim yoxdur.

Anesteziya vuruldu və mən yuxuya getdim.

Oyananda son dərəcədə kobud rəftarla üzləşdim. Tibb qardaşı, tonometrin manjetini və digər prosedurları əsəbi, və bağışlayın, heyvərəcəsinə edirdi. Amma mən artıq etiraz edəcək vəziyyətdə deyildim…

Nəhayət, məni palataya gətirdilər. Saat artıq 15:00 idi. Şahbaz bəyi gördüm. Bəlli oldu ki, o, bu müddət ərzində heç bir məlumat ala bilməyib. Onu 1-ci mərtəbədə “burada gözləyin” deyib saxlayıblar. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə reanimasiya otağına da dəvət edilə bilərdilər.

Normalda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Sonradan məlum oldu ki, yer olmadığı üçün (halbuki əməliyyatım planlı idi) məni ginekoloji yox, kardioloji şöbədə əməliyyat ediblər”.

O deyib ki, şikayətdən sonra verilən vədlər yerinə yetirilməyib:

“Şikayətçi olduğumuzu biləndən sonra xəstəxananın bir neçə nümayəndəsi bizə yaxınlaşdı. Əsas danışan türkiyəli bir xanım idi. Dedi ki, kameraları yoxlayacaq, tibb personalı ilə bağlı araşdırma aparılacaq və bizə məlumat veriləcək.

Bir daha onu görmədik. Liv Bona Dea-da 3 gün qaldım, dəfələrlə “kamera araşdırması nə oldu?” deyə soruşdum. Heç nə. Sadəcə bizi qoyun yerinə qoydular.

Yanvarın 16-də nəhayət xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxardtdılar.

Xəstəxanadan evə qayıdandan sonra tanış tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsindən daha ağır bir əziyyət çəkirəm…

Sırağagün Şahbaz bəy bu barədə “Facebook” kiçik bir postu paylaşıb. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayıb dedi ki, “sadəcə smenlə bəxtiniz gətirməyib”.

Mən hər şeyə rasional yanaşmağa, hər hadisədən nəticə çıxarmağa çalışıram. Deyin, xahiş edirəm, mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən özümü köhnə qaydalara uyğun baş həkimə tapşırtmalıydım? Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?”.

Nigar Köçərlinin şikayəti ilə bağlı “Liv Bona Dea” xəstəxanasına sorğu ünvanlamışıq