Bu dəfə elə bir tarixi fürsət düşüb ki, həm İsrail, həm də ABŞ İranı mütləq zərərsizləşdirəcək. Uzun illərdir molla, teokratik rejim Yaxın Şərq üçün bəlaya çevrilib və bölgədə baş verən müharibələr, qarşıdurmalar məhz İranın molla rejiminin və onun yaratdığı proksi qüvvələrin – Hizbullah, husilər və digər bu kimi təşkilatların birbaşa təşəbbüsü və istəyi ilə baş verir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın İrandakı etirazçılara çağırışını və regionda yaranmış vəziyyəti şərh edərkən deyib.
“İqtisadiyyatı bərbad olan, sanksiyalar altında inləyən ölkədə milyardlarla vəsaitin proksilərə sərf edilməsi sözün əsl mənasında heyrət doğurur. Məhz bu səbəbdən İran xalqı ayağa qalxıb. Xalq aclıqdan, yoxsulluqdan, dərman çatışmazlığından ayaqdadır və rejimin dəyişməsini istəyir. Bu, tarixə və ictimai inkişafa uyğun gəlməyən dini rejimdir. Belə rejimlərə ancaq orta əsrlərdə rast gəlinə bilərdi. XXI əsrdə sivilizasiyanın olduğu bir dövrdə bu cür rejimin mövcudluğu doğrudan da heyrət doğurur”, - o bildirib.
Politoloq qeyd edib ki, Trampın “kömək yoldadır” ifadəsi hərbi dəstəyi nəzərdə tutur:
“Bu, təyyarədaşıyan gəmilər, digər döyüş silahları deməkdir. O, İranı mühasirəyə alaraq, rejimin nəfəsini kəsmək niyyətindədir”.
Qabil Hüseynli vurğulayıb ki, hazırda zərbə endirmək üçün ideal vəziyyət formalaşıb:
“ABŞ və İsrail asanlıqla SEPAH-ın ofislərinə, müxtəlif hərbi-strateji nöqtələrə hava zərbələri endirə, ordunun və polisin mövqeyini dəyişməyə nail ola bilər”.