İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşdı və razılaşma əldə olundu. ABŞ Çinə tətbiq etdiyi 145%-lik tarifləri 30%-ə, Çin isə ABŞ mallarına tətbiq etdiyi 125%-lik tarifləri 10%-ə saldı. Yəni Tramp istəyinə çatdı, bu tariflərdən ABŞ 130 milyard dollar əlavə qazanc əldə edəcək. Bundan başqa, Çin öhdəlik götürüb ki, ABŞ-dan daha çox mal-məhsul alacaq.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Cəfərlinin sözlərinə görə, Trampın tarif siyasəti ABŞ-a gündə təxminən 2 milyard dollar əlavə gəlir gətirəcək və bu vəziyyət digər ölkələr üçün də müsbət nəticələr vəd edir:
“O ki qaldı “tariflər ABŞ-da inflyasiyanı artıracaq” tezisinə, bu fikri səsləndirənlər iqtisadiyyata formal və düz xəttli baxışa malik olanlardır. Hazırda ABŞ-da benzin ucuzlaşır – bu, inflyasiyaya təsir edərək qiymətləri aşağı salır. Trampın vergi endirimləri də inflyasiyanı azaldan amillərdən biridir”.
Ekspert hesab edir ki, bu razılaşma həm ABŞ iqtisadiyyatı, həm də qlobal bazar üçün mühüm dönüş nöqtəsi ola bilər.