Bakı şəhər Xətai rayonu Xocalı prospektində təmirdən sonra aparılan xətlənmə bir çox sürücülərdə narazılıq yaradıb.
“BUTA.TV” xəbər verir ki, prospektin Ali Məhkəmədən “Xətai” metrostansiyası istiqamətində olan hərəkət hissəsinin solunda velosiped zolağının çəkilməsindən sonra avtobus və avtomobillərin hərəkəti üçün bir zolaq qalıb. Belə ki, hərəkət hissəsinin sağı da parkinq üçün ayrılıb. Qarşıdan təhsil mövsümünün və tıxaclı ayların yaxınlaşmasını nəzərə aldıqda, yaxın vaxtlarda ərazidə acınacaqlı durumun yaranması gözlənilir.
Ekspert Ərşad Hüseynov saytımıza bildirib ki, son vaxtlar Bakı şəhərində mobilliyin transformasiyası istiqamətində ciddi işlər görülür: “Həmin işlər çərçivəsində xeyli küçə və prospektlərdə avtobus zolaqları ayrılıb, bəzilərində isə velosiped zolaqları təşkil edilir. Hədəf mobillikdə yeniliklər tətbiq etmək, əhalinin ictimai nəqliyyata, mikromobillik vasitələrinə marağını artırmaqdır. Amma bu prosesin daha uğurlu getməsi üçün paralel olaraq digər işlər də görülməlidir. Mobilliyin transformasiyası təkcə küçə və prospektlərdə hərəkət hissəsinin bölüşdürülməsindən ibarət deyil. Bunun qarşılığında ictimai nəqliyyat daha sürətlə inkişaf etməlidir. Hətta ictimai nəqliyyatın inkişafı digər işlərdən öndə getməlidir. Əhali görməlidir ki, metrostansiyaların, avtobuslar və avtobus marşrutlarının sayı artır, xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir, yeni avtobuslar gəlir, dəqiq qrafikə işləyirlər və sair. İnsanlar görməlidir ki, velosiped zolaqları təşkil edilib və burada təhlükəsiz və sürətli şəkildə hərəkət etmək mümkündür, velosiped yolları ilə kəsintisiz, problemsiz hərəkət etmək olar. Bütün bunlar paralel getməlidir. Amma durub birdən-birə hər yerə velosiped və avtobus zolaqları çəkmək insanların marağının formalaşması ilə adekvat deyil. Avtobuslar elə əvvəlki qrafiklə işləyirsə, əvvəlki yararsız avtobuslar hələ də işləyirsə, velosiped zolaqları bir-biri ilə əlaqələndirilməyibsə, həmin zolaqlar boş qalıb və istifadə edilmirsə, çoxlu suallar çıxır: Niyə bunlar edilib?! Ona görə də işlər paralel getməlidir. Mobilliyin inkişafına yönələn işlər bu tədbirlərdən bir addım öndə olmalıdır. Onda əhalidə bu qədər sual yaranmayacaq. Bu yanaşmalardakı qüsurlu məqam da məhz bununla bağlıdır-paralelliyin olmaması və işlərin düzgün təşkil edilməməsi. Ona görə də belə çoxsaylı iradlar, anlaşılmazlıqlar yaranır ki, onların da çoxu haqlıdır”.
Ə.Hüseynov əlavə edib ki, Xocalı prospektində avtobus zolağının yolun sağında səki ilə paralel çəkilməsi daha doğru olardı: “O ki qaldı Xocalı prospektinə, həmin prospektin ortasında bulvar tipli ayrıca zolaq mövcuddur. Həmin bulvarın kənarına isə velosiped zolağına bənzəyən xətlənmə işləri aparılıb. Halbuki həmin nişanlanmanın Azərbaycanda hazırda mövcud olan qanunvericilikdə standartlara aid təsviri anlayışı da mövcud deyil. Yəni ora çəkilənin nə olması tam məlum deyil. Belə bir vəziyyətdə sual çıxır ki, bunu nəyə görə hərəkət istiqamətinin sol tərəfində ediblər, özü də qarşılıqlı çəkiblər. Yeri gəlmişkən qeyd edim ki, velosiped zolağının yolun hərəkət hissəsinin sol tərəfində olması ən təhlükəli və ən arzuolunmaz haldır. Çünki şəhər mühitində hərəkət sürəti nə qədər mülayim olsa da, sol tərəfdən ötmə və digər manevrlər üçün də istifadə edilir. Ona görə də yolun sol hissəsi daha riskli ərazidir. Dünya təcrübəsində bir qayda olaraq velosiped zolağı səki ilə paralel çəkilir, yəni yolun hərəkət hissəsinin sağında. Düşünürəm ki, Xocalı prospektində zolağı qarşılıqlı, yəni bir istiqamətdə həmin bulvar tipli ayırıcı zolağn bir tərəfində, əks istiqamətdə isə digər tərəfində çəkmək olardı, bunu araşdırmaq yaxşı olardı. Belə bir prospektdə digər nəqliyyat vasitələri üçün cəmi bir zolağın saxlanılması doğrudan da suallar yaradacaq. Çünki oradan avtobus marşrurtları da keçir, həm onlara, həm də digər nəqliyyat vasitələrinə qaydalar çərçivəsində hərəkət etmək baxımından problemlər yaranacaq.
Düşünürəm ki, orada velosiped zolağını sağda təşkil etməklə hərəkət zolaqlarının enini bir qədər azaltmaqla eyni istiqamətə iki hərəkət zolağı təşkil etmək olardı”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, Xocalı prospektində nəqliyyatın hərəkətində hər hansı problem müşahidə edilmir.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi