Ucar rayonunda yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“BUTA TV” xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1993-cü il təvəllüdlü Samir Kərimov (şərti) barəsində Cinayət Məcəlləsinin 176-1. (Nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə açılmış işə baxılıb. Ucar Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir uzaq qohumu olan 2006-cı il təvəllüdlü qızı 2021-ci ildən etibarən hədələyib.
O, yeniyetmə qıza çoxsaylı hədələyici mesajlar yazıb, evlərini yandırmaqla, kənddə rüsvay etməklə hədələyib.
Qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən qız bildirib ki, Samirlə əvvəlcə normal münasibəti olub. Lakin sonradan onun aqressiv hərəkətləri səbəbindən münasibətləri korlanıb:
“2021-ci ildə Samir məndən xoşlanması barədə xəbər göndərərək münasibət yaratmaq istədiyini bildirmişdi. Ona yox cavabı vermişdim. Daha sonra müxtəlif vaxtlarda oxuduğum məktəbin qarşısına gəlməyə başladı. Hər dəfə onu görüb tez evə çıxıb gedirdim. Samirin hər dəfə qarşıma çıxmasından narahat olduğum və qorxduğum üçün bu barədə ana-atama demişdim. Hər ikisi ayrı-ayrılıqda Samirlə görüşərək məndən uzaq durması barədə xəbərdarlıq etmişdi.
Samir 2022-ci ilin aprel ayında məktəbdən evə gedərkən məktəbin həyətində qəfil qolumdan tutaraq özünə çəkdi və sonra məndən uzaqlaşıb ağaca qoyduğu mobil telefonunu götürdü. Telefonda foto çəkdiyini deyib şəkli göstərdi, onunla evlənməsəm, həmin şəkli kənddə göstərərək sevgili olduğumuzu yayaraq adıma söz çıxaracağını, atamın məni evdən qovacağını və kənddə rüsvay olacağımı dedi. Samir mənə ata və anamla danışarkən istənilən halda onunla evlənəcəyimi bildirdiyini, ata və anamın isə qorxduğunu deyirdi.
Həmin vaxt çox çarəsiz qalmışdım və artıq heç kimin mənə köməklik edə bilməyəcəyini düşünürdüm. Bu səbəbdən kənd içində rüsvay olmamaq, eyni zamanda ata və anama heç bir şey olmasın deyə məcbur qalıb Samirlə danışmağa razılaşdım. Mobil telefonla 2022-ci ilin aprel ayından başlamaqla 2023-cü ilin oktyabr ayınadək mesajlaşmağa başladım.
O, yazdığı müddət ərzində birlikdə qaçmağı, nikaha girməyi deyirdi, əks halda yaşadığım kənddə məni rüsvay edəcəyini, ailəmin ona mesaj yazdığımı və birgə fotolarımızın olduğundan xəbər tutacağını bildirirdi. Samir evlənməli olduğumuzu, əks halda adıma kənddə söz çıxaracağını, mənimlə başqa heç kimin evlənməyəcəyini, kimsə evlənmək istəsə, toyda “qanın su yerinə axacağını” deyirdi. Həmçinin mənə və ailəmə xəsarət yetirməklə də hədələyirdi.
Sözündən çıxsam, gəlib evimizi yandıracağını, atamla anamın da qorxduğu üçün heç bir şey edə bilməyəcəyini, polisin də məsələni xeyrinə həll edəcəyini deyirdi. 2023-cü ilin oktyabr ayının 12-də atam evə gələrək Samirin ona zəng edib danışdığını və məni qaçıracağını dediyini bildirib məndən nə baş verdiyini soruşdu. Ağlayaraq bütün baş verənləri valideynlərimə danışmağa başladım. Daha əvvəllər də evdə ağlayarkən ata-anam nə olduğunu soruşsa da, qorxu və çarəsizliyimdən baş verənləri danışa bilmirdim”.
Zərərçəkən qız bildirib ki, Samirlə arasında intim münasibət olmayıb, həmin şəxs yalnız psixi təsir göstərərək evlənməyə məcbur edib:
“Samir psixi təzyiq göstərməklə və təhqir etməklə evlənməyimizi istəsə və birlikdə qaçmağı təklif etsə də, məni qaçırmağa cəhd etməyib”.
Yeniyetmə qız təqsirləndirilən şəxsin həbs edilməsini xahiş edib.
Ucar Rayon Məhkəməsi 31 yaşlı kişini qeyd edilən maddə üzrə təqsirli bilib. Məhkəmənin 31 may tarixli hökmü ilə ona 1 il 6 ay həbs cəzası verilib və məhkəmə zalında həbs edilib.
- Neftçalada "Muravey" aşdı, sürücü öldü
- Ərdoğan Azərbaycanı bu siyahıdan çıxardı
- Emin Ağalarovun ev bağışladığı qazi nələr danışdı? - VİDEO
- Bakıda iki nəfərin ölümü: qatarın işığı yanmayıb? - Video
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı