Güney azərbaycanlı media fəalı, tərçüməçi, jurnalist Cavidan Elbarsın BUTA.TV-a Xocalı soyqırımı ilə bağlı müsahibəsi:
- Güney azərbaycanlılar Xocalı qətliamının tanıdılmasında hansı işlər görürlər?
- 1992-ci ildə Xocalı faciəsinin baş verdiyi günlərdə Güney Azərbaycan şəhərlərində, xüsusilə Təbrizdə, hakimiyyətin təzyiqləri və tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, yetərli olmasa da, müxtəlif tədbirlər, anım mərasimləri keçirildi. İndiki qədər çox olmayan, az sayda milli fəal yazılı vərəqlər, bəyanatlar və xocalılılara qarşı törədilən faciəni əks etdirən materiallar yaydılar. O vaxt sırf Xocalı faciəsi ilə bağlı koordinasiyalı fəaliyyət göstərmək üçün bir qurum da yaranmışdı. Ancaq İran hakimiyyəti buna imkan vermədi, bir neçə fəalı həbs edib, yazılı iltizam aldıqdan sonra buraxdı və bununla da faciə barədə ciddi təbliğat və bilgiləndirmə işinin aparılmasına mane oldu.
Xaricdə yaşayan Güney azərbaycanlılar isə bununla bağlı mümkün qədər çox iş görməyə çalışıblar. Hər il dünyanın müxtəlif ölkələrində tədbirlər keçirir, verilişlər hazırlayır və konfranslar təşkil edirlər. Xocalı faciəsinin tanıtdırılması ilə bağlı Azərbaycan hökumətinin fəaliyyətlərinin artması fonunda xaricdə yaşayan güneylilər də aktivləşir, əvvəlki illərə nisbətən daha intizamlı və koordinasiyalı şəkildə çalışırlar.
Amerika, Avropa və başqa yerlərdə yaşayan milli düşüncəli güneylilər faciənin ildönümü ilə bağlı beynəlxalq qurumlar qarşısında aksiyalar keçirir, özlərinə aid olan və həm də xarici media orqanlarında məsələ ilə bağlı materiallar dərc etdirir, verilişlər yayımlayırlar.
- Ancaq faktlara, yayımlanan materiallara baxmayaraq, cinayətkarlar cəzalandırılmayıb. Bu hadisəni törədənlər cəzasını alacaqmı?
- Bu, daha çox Azərbaycan hökumətinin və xaricdə nüfuz sahibi olan azərbaycanlıların, güneyli-quzeyli Azərbaycan təşkilatlarının bu istiqamətdəki fəaliyyətindən asılıdır. Təbii ki, faciə səbəbkarlarının cəzalandırılması, Xocalı soyqırımına həqiqi və hüquqi qiymət verilməsi həm də bölgə ilə bağlı siyasi maraqların hansı yöndə inkişaf etməsi ilə əlaqəlidir.
Bir neçə ildir ki, faciənin soyqırım kimi tanıdılması və səbəbkarların cəzalandırılması üçün Azərbaycan dövləti tutarlı, əhatəli işlər görür. Ancaq bir sıra dövlətlərin, Ermənistan himayəçilərinin səyləri istənilən və yetərli nəticənin əldə edilməsinə mane olur. Ancaq bütün bunlara baxmayaraq, Xocalı faciəsinin səbəbkarlarının bir gün cəzalandırılacaqları, məhkəmə qarşısına çıxarılacaqları mütləqdir. Bu, yalnız Azərbaycanın məsələsi deyil. Həm də bəşəriyyətə qarşı törədilən cinayətlərdən biri olduğu üçün buna qiymət verilməlidir. Cinayətkarlar cəzalandırılsa, başqalarının da oxşar faciələr törətmək cəhdlərinin qarşısı alınmış olar.
- İranda qondarma erməni soyqırımını yad edən abidələr mövcuddur. Bəs Xocalı faciəsini əks etdirən hər hansı abidə, yaxud xatirə kompleksi varmı?
- İranın heç bir yerində Xocalı faciəsi ilə bağlı nəinki abidə, heç faciə qurbanlarının xatirəsini yad edən kiçik bir simvol belə yoxdur. Bu illər ərzində bir sıra güneyli ziyalı Xocalı faciəsi ilə bağlı öz vəsaitləri hesabına abidə qoymaq barədə müraciətlər etsə də, Tehran hökuməti buna icazə verməyib. Azərbaycanla bağlı olan məsələlər, Azərbaycanın uğur və kədərini xatırladacaq hər hansı simvol, nişan İran hakimiyyətinin ideoloji cərəyanına, siyasi maraqlarına zidd hesab edildiyi üçün buna imkan verilməyib.
Təbriz küçələrindən birinin Xocalı adlandırılması ilə bağlı onlarla ziyalının müraciəti cavabsız qaldığı üçün onlar öz hesablarına məscid tikdirib, oranı Xocalı adlandırmaq istədi. Bu təklifə də rədd cavabı verildi.
Xocalı faciəsinə belə laqeyd münasibət göstərən Tehran rejimi Güney azərbaycanlılardan topladığı vergilər hesabına Tehran, İsfahan və başqa bir neçə şəhərdə “erməni soyqırımı abidəsi” inşa edib.
Hər il 24 aprel tarixində bu abidələrin qarşısında hakimiyyətin dəstəyi ilə izdihamlı mərasimlər keçirilir, Türkiyə və Azərbaycan Respublikasına qarşı nifrət dolu çıxışlar edilir.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?